Bir çox amillərlə dəstəklənən davamlı inkişaf trayektoriyasına keçid
Pekin, Honkonq, 23 may 2024-cü il – Əşyaların İnterneti (IoT) platformasına malik istehlakçı elektronikası və “ağıllı” cihazların aparıcı istehsalçısı olan “Xiaomi” Korporasiyası (“Xiaomi” və ya “Qrup”, səhm kodu: 1810) 31 mart 2024-cü il tarixində başa çatan 3 aylıq dövr üçün (“Dövr” və ya “I rüb”) yoxlanılmamış, konsolidə edilmiş nəticələrini açıqlayıb və ardıcıl ikinci rüb illik gəlirin ikirəqəmli artımına nail olduğunu bəyan edib. Dövr ərzində Qrupun ümumi gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 27% artaraq 75,5 milyard yuan təşkil edib. İllik müqayisədə 100,8% artan düzəliş edilmiş xalis mənfəət rekord həddə çataraq 6,5 milyard yuan təşkil edib. Bu göstəriciyə “ağıllı” elektrik avtomobilləri (EV) biznesi və digər yeni təşəbbüslərlə bağlı 2,3 milyard yuanlıq xərclər daxildir ki, bu da artımın sürətləndiyindən xəbər verir. “Miqyasa və mənfəətliliyə ikiqat diqqət” əsasında qurulmuş əsas əməliyyat strategiyasının effektiv həyata keçirilməsi sayəsində “Xiaomi”nin Qrup səviyyəsində ümumi mənfəət marjası 2024-cü ilin I rübündə illik müqayisədə 2,8 faiz bəndi artaraq 22,3%-ə çatıb. Qrup öz əməliyyat strategiyalarını fəal şəkildə həyata keçirərək, cari ilin I rübündə smartfonlar, IoT və həyat tərzi məhsulları, həmçinin internet xidmətləri kimi 3 əsas biznes istiqaməti üzrə ikirəqəmli gəlir artımını təmin edib. “Xiaomi”nin çoxsaylı inkişaf mühərrikləri və “ağıllı” elektromobil biznesinin yüksək göstəriciləri nəticələrin bazar gözləntilərini əhəmiyyətli dərəcədə üstələməsinə səbəb olub.
“Xiaomi”nin əsas bizneslərinin uzunmüddətli mənfəətliliyi sabit olaraq qalır. Bu, texnoloji innovasiyalar və “ağıllı” elektrik avtomobilləri sənayesinin inkişafı üçün güclü zəmin yaradan zəngin maliyyə resursları təmin edir. Qrupun 31 mart 2024-cü il tarixinə olan maliyyə vəsaitləri 127,3 milyard yuana çatıb. Cari ilin I rübündə elmi-tədqiqat və təkmilləşdirmə xərcləri illik müqayisədə 25,4% artaraq 5,2 milyard yuan təşkil edib ki, bu baxımdan xüsusilə də “ağıllı” elektrik avtomobilləri texnologiyası sahəsində çoxsaylı texnoloji irəliləyişləri qeyd etmək lazımdır.
Mükafatlandırma strategiyası smartfonların orta satış qiymətinin artması hesabına qarşılanır
Qloballaşma və mükafatlandırma strategiyaları sayəsində “Xiaomi”nin qlobal smartfon tədarükü bu dövr ərzində illik müqayisədə 33,7% artaraq 40,6 milyon ədədə çatıb ki, bu baxımdan ardıcıl üçüncü rüb artım qeydə alınıb. Smartfon satışından əldə olunan gəlir də ardıcıl dördüncü rüb artaraq 46,5 milyard yuana çatıb. “Canalys” analitika şirkətinin məlumatına görə, “Xiaomi” ardıcıl 15-ci rüb smartfon tədarükündə dünya üzrə ilk 3-lükdə yerini qoruyub saxlamağa nail olub. Cari ilin I rübündə şirkət qlobal bazarın 13,8%-nə nəzarət edib.
Smartfon biznesinin mənfəətliliyi artmaqda davam edir. Belə ki, I rübdə ümumi mənfəət marjası ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz bəndi artaraq 14,8%-ə çatıb. Qrup premium qiymət seqmentləri istiqamətində addımlamaqda davam edir. Üçüncü tərəfin məlumatlarına görə, “Xiaomi” şirkətinin Çinin materik hissəsində 5,000-6,000 yuan qiymət seqmentində smartfon satışı baxımından bazar payı bu dövrdə 5,8 faiz bəndi artaraq 10,1%-ə çatıb. Qlobal premium smartfon tədarüklərinin payı da I rübdə yeni maksimuma çataraq, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz bəndi artaraq ümumi smartfon tədarükünün 21,7%-ni təşkil edib.
“Xiaomi”nin qlobal genişlənməsi öz bəhrəsini verir və Yaxın Şərq, Latın Amerikası, Afrika və Cənub-Şərqi Asiyanın əsas bazarlarında güclü artım təmin edir. “Canalys”in məlumatına görə, 2024-cü ilin I rübündə Qrupun smartfon tədarükü dünyanın 56 ölkə və regionunda ilk 3-lükdə, 67 ölkə və regionunda isə ilk 5-likdə yer alıb. Ötən illə müqayisədə “Xiaomi” 51 bazarda ilk 3-də, 65 bazarda isə ilk 5-də yer alıb. Qrupun bu bazarlarda rəqabət üstünlüyü yalnız güclənib.
IoT biznesinin marjaları “ağıllı” məişət texnikasının güclü dinamikası sayəsində rekord səviyyəyə çatıb
Dövr ərzində IoT məhsulları və həyat tərzi məhsullarından əldə edilən gəlir illik müqayisədə 21,0% artaraq 20,4 milyard yuana çatıb ki, bu da tarixi maksimum hesab olunur. Ümumi mənfəət marjası illik müqayisədə 4,1 faiz bəndi artaraq rekord həddə – 19,9 faizə çatıb. “Xiaomi” şirkəti IoT məhsul kateqoriyalarında liderlik mövqeyini daha da gücləndirib.
Özünün bazar reputasiyası, rəngarəng məhsul portfeli və “ağıllı” ekosistem çərçivəsində nəzərəçarpan istifadəçi təcrübəsi sayəsində “Xiaomi”nin əsas “ağıllı” məişət texnikasının satışından əldə etdiyi gəlir güclü artım tempini qoruyaraq, illik müqayisədə 46%-dən çox artıb. Rüb ərzində kondisioner tədarükü 63% artaraq 690000 ədədi, soyuducu tədarükü 52% artaraq 530.000 ədədi, paltaryuyan maşınların tədarükü isə illik müqayisədə 47% artaraq 360000 ədədi keçib. “Xiaomi”nin premium TV kateqoriyası da böyüməyə davam edir.
Bütün məhsul kateqoriyalarında sabit artım dinamikası müşahidə olunur. IDC-nin məlumatına görə, “Xiaomi”nin qlobal planşet tədarükü illik müqayisədə 93% artıb. Bundan əlavə, “Xiaomi” taxıla bilən cihazlar sahəsində ciddi irəliləyiş əldə edir. “Canalys” şirkətinin məlumatına görə, TWS qulaqlıqlarının tədarükü Çinin materik hissəsində birinci yerdə olub, dünya üzrə isə ikinci yerə yüksəlib.
İnternet xidmətlərinin dayanıqlı artımı qlobal genişlənməyə təkan verir
Dövr ərzində İnternet xidmətləri dayanıqlı artımı qorumağa nail olub. Belə ki, bu baxımdan gəlir illik müqayisədə 14,5% artaraq rekord səviyyəyə – 8,0 milyard yuana çatıb. İnternet xidmətlərinin ümumi mənfəət marjası 74,2%-ə çatıb. Qrupun qlobal aylıq aktiv auditoriyası (MAU) Çinin materik hissəsində də rekord səviyyələrə çatıb. 2024-cü ilin mart ayında qlobal MAU göstəricisi illik müqayisədə 10,6% artaraq 658,1 milyon nəfərə, Çinin materik hissəsi üzrə MAU isə ötən ilin analoji dövrü ilə müqayisədə 9,7% artaraq 160,4 milyon nəfərə çatıb.
“Xiaomi” qlobal tərəfdaşlığı fəal şəkildə gücləndirməkdə davam edir. Belə ki, cari ilin I rübündə ölkə xaricində internet xidmətlərindən əldə olunan gəlir rekord səviyyəyə – 2,5 milyard yuana çatıb və internet xidmətlərindən ümumi gəlirin 31,2%-ni təşkil edib.
2024-cü ildə 100.000-dən çox yeni avtomobil tədarük etmək məqsədilə elektromobil istehsalının genişləndirilməsi
“Xiaomi”in “ağıllı” elektromobilinin debütü istifadəçilər arasında böyük ruh yüksəkliyi yaradıb və qısa zaman ərzində böyümənin yeni mühərrikinə çevrilib. “Xiaomi”nin ilk “ağıllı” elektromobili olan “Xiaomi SU7” seriyası rəsmi olaraq 28 mart 2024-cü il tarixində təqdim edilib və Qrupun ümumi “İnsan × Avtomobil × Ev” strategiyasını tamamlayıb. “Tam ölçülü yüksək performanslı eko-texnoloji sedan” kimi təqdim edilən “Xiaomi SU7” seriyasına 215900 yuan başlanğıc qiymətinə malik 3 model daxildir. Rəsmi təqdimat bazarın diqqətini cəlb edib və sifarişlərə güclü tələbat yaradıb. 30 aprel tarixinə olan məlumata görə, “Xiaomi SU7” seriyası üçün bron edilmiş ümumi sifariş sayı 88063 avtomobilə çatıb. Mayın 15-i Pekin vaxtı ilə səhər saat 10:00-a olan məlumata görə, ümumi tədarük sayı 10000 avtomobilə çatıb ki, bu, yeni brendin debüt modelinin tədarük sürəti üzrə yeni rekord müəyyənləşdirib.
Bazar gözləntilərini üstələyən “Xiaomi SU7” seriyasının müstəsna performansından ruhlanan Qrup 2024-cü il üçün qarşıya 100000-dən çox yeni avtomobil tədarükü hədəfi qoyub ki, bu da seriyanın rəqabət qabiliyyətinə və istehsal gücünə olan inamdan xəbər verir. “Xiaomi”, tədarükün vaxtında həyata keçirilməsini təmin etmək, həmçinin satış və xidmət şəbəkəsini genişləndirmək məqsədilə iyun ayında iki növbəli istehsala keçərək istehsal gücünü genişləndirmək səylərini gücləndirir. Qrup 2024-cü ilin sonuna kimi 46 şəhərdə 219 mağaza və 86 şəhərdə 143 xidmət mərkəzini əhatə edən satış və xidmət şəbəkəsinə sahib olmağı planlaşdırır.
Texnoloji innovasiyalar sahəsində liderliyi hədəfləmək “Xiaomi”nin fəaliyyətinin mühüm aspektidir. Elektromobil bazarına daxil olan texnoloji şirkət olaraq “Xiaomi”, məhsullarına “ağıllı” funksiyaların inteqrasiyasına xüsusi önəm verir. Qrup fundamental əsas texnologiyalara sərmayə yatırmağı və qabaqcıl texnologiyalar sahəsində qlobal liderliyə nail olmağı hədəflədiyi 2020-2030-cu illər üçün qarşıya yeni məqsədlər qoyub. 2024-cü ilin I rübündə tədqiqat və təkmilləşdirmə xərcləri illik müqayisədə 25,4% artaraq 5,2 milyard yuan təşkil edib. “Xiaomi”, məhsullarının davamlı inkişafını dəstəkləməyə davam edərkən “ağıllı” elektromobil texnologiyası sahəsində ciddi uğurlar əldə edib.
“Xiaomi Pilot Autonomous Driving” şirkəti üçün əsas diqqəti öz həlləri əsasında texnologiyaların inkişafına yönəltmək prioritet olaraq qalır. “Road-Mapping Fundamental” əsas xəritələşdirmə modeli, “Super-Res Occupancy Network” məşğulluğun super bölüşdürülməsi texnologiyası və “Adaptive BEV” adaptiv elektromobillər texnologiyası daxil olmaqla qabaqcıl alqoritmlər kimi strukturlardan istifadə etməklə “Xiaomi” şirkəti ilk kütləvi istehsal modeli olan “End-to-end AI Model Technology” ilə Çinin materik hissəsində sıçrayışa nail olub. “Xiaomi” şirkəti hazırda 1000-dən çox ixtisaslı mütəxəssisi özündə birləşdirən avtonom avtomobil idarəetmə komandasını 2024 və 2025-ci ilə qədər müvafiq olaraq 1500 və 2000 nəfərə çatdırmağı planlaşdırır. 2024-cü ilin may ayının sonuna kimi Çinin materik hissəsinin 10 şəhərində “Xiaomi Pilot Max” sistemində avtopilotda şəhər naviqasiyasının (NOA) tətbiq edilməsi, 2024-cü ilin avqustunadək isə sistemin bütün ökəni əhatə etməsi planlaşdırılır.
“Xiaomi” korporasiyası haqqında
“Xiaomi” Korporasiyası 2010-cu ilin aprelində təsis edilib, 9 iyul 2018-ci ildə Honkonq Fond Birjasında (1810.HK) qeydiyyatdan keçib. “Xiaomi” əsasını IoT platforması ilə əlaqələndirilən smartfonlar və “ağıllı” avadanlıqlar təşkil edən istehlakçı elektronikasının və “ağıllı” cihazların istehsalı ilə üzrə ixtisaslaşmış şirkətdir.
“İstifadəçilərlə dostluq etmək və istifadəçilərin qəlbində ən yaxşı şirkət kimi yer tutmaq” baxışımıza uyğun olaraq “Xiaomi” daima innovasiyalara, istehlakçılara yüksək keyfiyyətli xidmət göstərilməsinə və fəaliyyət səmərəliliyinin təmin edilməsinə səy göstərir. Şirkət innovativ texnologiyalar sayəsində dünyada hər kəsə daha yaxşı həyatdan zövq almaq almaq imkanı bəxş etmək üçün daim ədalətli qiymətləri ilə seçilən heyrətamiz məhsullar istehsal edir.
“Xiaomi” dünya üzrə smartfon istehsalçıları arasında aparıcı mövqelərdən birini tutur və bu cihazların qlobal tədarük həcminə görə ilk üçlükdə yer alır. Smartfonlar və planşetlər də daxil olmaqla qlobal aylıq aktiv istifadəçi (MAU) sayı 2023-cü ilin dekabrında 641,2 milyon nəfər təşkil edib. Şirkət həmçinin 2023-cü ilin dekabr ayının sonuna qədər təxminən 739,7 milyon smart cihazın (smartfonlar, noutbuklar və planşetlər istisna olmaqla) qoşulduğu dünyanın aparıcı istehlakçı platforması olan AıoT-un (AI+IoT) yaradıcısıdır. 2023-cü ilin oktyabr ayında “Xiaomi” şirkəti fərdi cihazları, ev üçün “ağıllı” məhsulları və avtomobilləri inteqrasiya etməklə strategiyasını “İnsan × Avtomobil × Ev” “ağıllı” ekosisteminədək yeniləyib. “Xiaomi”nin prioriteti hər zaman insan ehtiyaclarını ödəmək, hərtərəfli və ən yaxşı istifadəçi təcrübəsini təmin etmək olub. “Xiaomi” şirkətinin məhsulları dünyanın 100-dən çox ölkə və regionunda təmsil olunur. 2023-cü ilin avqustunda şirkət ardıcıl beşinci il “Fortune Global 500” siyahısına daxil olaraq 360-cı yeri tutub.
“Xiaomi” həmçinin “Hang Seng”, “Hang Seng China Enterprises”, “Hang Seng TECH” və “Hang Seng China 50” indekslərinə daxildir.


