Bəzən liderliyi böyük salonlar, gurultulu alqışlar və ya tarixi çıxışlar deyil, cəmi bir neçə saniyəlik görüntü daha dəqiq ifadə edir.
Azərbaycan tarixinin ən böyük Zəfərinin memarı olan bir insanın bu uğuru heç vaxt öz adına yazmaması, qələbəni xalqına, ordusuna, şəhidlərinə, qazilərinə aid etməsi əsl dövlət adamlığı nümunəsidir. Çünki həqiqi böyüklük yalnız böyük işlər görməkdə deyil, o işlərin şöhrətini xalqınla bölüşməkdədir.
Bu videoda diqqətimi çəkən məqam da məhz budur. Bir uşağın rahat şəkil çəkdirə bilməsi üçün onun boyuna enmək, onun sevincini düşünmək, onun dünyasından baxmağı bacarmaq…
Əslində, bu, sadəcə bir kadr deyil. Bu, insanın xarakterinin, daxili mədəniyyətinin və həyata baxışının təzahürüdür. Çünki belə davranışlar protokolla yazılmır, əvvəlcədən ssenariləşdirilmir. Bunlar insanın mahiyyətindən gəlir.
Dövlət qulluğunun fəlsəfəsi də elə budur. Vəzifənin verdiyi imtiyazları deyil, daşıdığı məsuliyyəti dərk etmək. İnsanlara yuxarıdan baxmamaq, onların yanında olmaq. Xalqa xidmət etməyi yalnız vəzifə borcu kimi deyil, mənəvi məsuliyyət kimi qəbul etmək.
Bəzən bir neçə saniyəlik görüntü yüzlərlə səhifəlik qaydalardan, təlimatlardan və etik davranış kodekslərindən daha çox mesaj verir. Çünki insanlar deyilənləri yox, gördüklərini yadda saxlayırlar.
Məncə, hər bir dövlət qulluqçusu üçün ən dəyərli dərs də məhz budur: vəzifə insanı böyütmür, insan vəzifəni böyüdür. Xalqa yaxın olmaq, insanı anlamaq, onun sevincini və qayğısını bölüşmək isə dövlətə xidmətin ən ali formasıdır.
Araz Əsgərli
Ombudsman Aparatının mətbuat katibi


