Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xocasən qəsəbə klubunda “Qonağımız var” layihəsi çərçivəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, Xalq yazıçısı Natiq Rəsulzadə ilə görüş keçirilib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xalq yazıçısı haqqında məlumat verilib. Bildirilib ki, “İntihar edənin gündəliyi”, “Yağışlı bayram”, “Adacıq” və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında “Mələklərə inanmayın”, “Bayramda yağış”, “Biz qayıdacağıq” kimi onlarla maraqlı filmlər çəkilib. Onun əsərləri bir çox xarici dildə dünyanın müxtəlif ölkələrində çap olunub və nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb.
Natiq Rəsulzadə çıxışında tələbəlik illərindən, jurnalist fəaliyyətindən, çoxşaxəli yaradıcılığından danışaraq, həm də auditoriyanın suallarına ətraflı cavab verib və xatirə şəkilləri çəkdirilib.


