Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Uşaqların doğulanadək cins seçiminə YOX deyək ” mövzusunda növbəti tədbir təşkil edib.
Bakı Qızlar Universitetində keçirilən tədbirdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva təqdimatla çıxış edərək, bildirib ki, uşaqların doğulanadək cinsiyyətinin müəyyən edilməsi doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına gətirib çıxarır.
K.Əliyeva yeniyetmə və gənclərə ailədə oğlan uşaqlarına verilən üstünlüyün səbəblərindən, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması və ailələrdə doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya uyğunlaşması istiqamətində Dövlət Komitəsi, eləcə də Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən görülən işlərdən bəhs edib.
Daha sonra Mərkəzi Klinikanın həkim-ginekoloqu Fidan Həsənova iştirakçılara reproduktiv sağlamlıqdan danışaraq, hamiləliyin süni yol ilə pozulmasının qadınların reproduktiv sağlamlığına və psixoloji durumuna göstərdiyi mənfi təsirləri, arzuolunmaz hamiləliyin qarşısının alınmasına dair mövcud olan müasir üsullar barədə geniş məlumat verib.
Tədbirdə Universitetin rektoru Sevinc Rəhimova və Tərbiyə işləri üzrə prorektoru Həvva Abdullayeva da iştirak ediblər.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan sosial çarx mümayiş etdirilib.


