2025-ci il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məsuliyyətə cəlb olunan “TAXES GROUP” MMC-nin (Loft Klinika) qanuni təmsilçisi – direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən proses təqsirləndirilən Bəhruz Paşayevin hüquqlarını müdafiə edən vəkilin prosesdə iştirak etməməsi səbəbindən təxirə salınıb.
Buna görə də məhkəmə tərkibi vəkilin məhkəməyə hər hansı üzrlü səbəb göstərmədiyini və bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat veriləcəyini təqsirləndirilən şəxsin nəzərinə çatdırıb.
Növbəti proses sentyabrın 9-na təyin edilib.
Qeyd edək ki, ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.
Hazırkı vaxtadək keçirilmiş tədbirlərlə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində üç sakin – Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Həmçinin istintaqla hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-nin (Loft Klinika) qanuni təmsilçisi – direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozaraq ehtiyatsızlıqdan üç şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına dair əsaslı şübhələr müəyyən edilib.
Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayev barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, vəfat edən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub.
Bundan başqa, digər vəfat edən Könül Hümbətova Bakı Milli Geyim Evinin rəhbəri olub. (oxu.az)
TREND
- Polis polkovnik leytenantı rəis təyin edildi
- Baku Group MTK-da TƏHLÜKƏ: Daşıyıcı divarı dağıdıb qapı açdılar – VİDEO
- ‘HB Geven Klinik’ auditdən yayındı, cərimə olundu
- Aytən Səfərova Tiflisdə “ilişib qaldı” – qayıtmaq üçün 3 həftə bilet gözlədi
- Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı
- Generalın oğlu işdən buna görə ÇIXIB
- Üç nəfərin öldüyü yanğınla bağlı “Loft Klinika”nın direktoru hakim qarşısında
- Ermənistan Azərbaycanla ticarət əlaqələri qurmağı planlaşdırır


