Türkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
BAKU.NEWS Türkiyə KİV-nə istinadən xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Daha sonra Şəhidlər xiyabanı və “Türk şəhidliyi” ziyarət olunub.
M.Özer jurnalistlərə açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib.
Nazir qeyd edib ki, səfərin məqsədi Azərbaycanla təhsil sahəsindəki əməkdaşlığı gücləndirməkdir.
Fevralın 1-dək davam edəcək səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə M.Özer arasında görüş olacaq.


