Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Azərbaycan ölkə başçılarının iştirakı ilə avqust ayının 9-da Qazaxıstanın paytaxtı Astana şəhərində növbəti Mərkəzi Asiya Məşvərət Toplantısı keçirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə toplantıda iştirak edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu nüfuzlu tədbirdə fəxri qonaq qismində çıxış edirdi. Qeyd edək ki, Qərb və Şərq dövlətlərinin marağında olan bu tədbir siyasi və tarixi əhəmiyyəti ilə yadda qalıb. Azərbaycan üçün də bu görüşün xüsusi əhəmiyyəti vardır. Belə ki, görüş Mərkəzi Asiya respublikaları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş imkanlar, yeni töhfələr vəd edir.
Sirr deyil ki, Azərbaycan hazırda dünya birliyində yüksək nüfuza malik olkələrdən biridir. Cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin nüfuzu artmaqda, beynəlxalq mövqeyi isə daha da güclənməkdədir. Regionda söz sahibinə malik Azərbaycan, Dövlət rəhbərimizin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkəmizin milli maraqları qlobal miqyasda layiqli şəkildə təmin edilir. Qeyd edək ki, respublikamızla əməkdaşlıq marağında olan dövlətlərin sayı getdikcə artmaqdadır. Mərkəzi Asiya dövlətləri bu sırada önəmli yer alan ölkələrdəndir.
Bu əlaqələr illərdir davam və inkişaf edən iqtisadi münasibətlər fonunda strateji tərəfdaşlığa çevrilib. Azərbaycan özü də xarici və iqtisadi siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Məlumdur ki, çoxəsrlik tarixə malik ölkələrimizi oxşar mədəniyyət, dil, din, qan bağı və ortaq dəyərlərimiz birləşdirir. Türk dünyasına mənsub Azərbaycan və Mərkəzi Asiya respublikaları hər zaman dostluq, əməkdaşlıq və həmrəylik münasibətlərinə sahib olub. Bu uğurlu əməkdaşlıq münasibətləri hazırda da Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan vəTürkmənistanla və bir sıra çoxtərəfli formatlarda davam etməkdədir. Mərkəzi Asiya respublikaları təbii resurslarına görə perspektivli və yüksək iqtisadi potensiala sahib olkələrdəndir. Bu respublikalar illər ərzində həmçinin balanslı xarici siyasət yürütməklə siyasətdə sabitliyi qoruyub saxlaya bilib. Bu baxımdan da iqtisadi münasibətlər fonunda diqqəti cəlb edən ölkələr sırasında yer alıblar.
Lakin buna baxmayaraq, hazırki dünya düzənində Mərkəzi Asiyanın zəngin resurslarının Qərb bazarlarına ixracı və idxalı Azərbaycan olmadan qeyri-mümkündür. Mərkəzi Asiyanın enerji və xammal resurslarının tranzit vasitəsilə Qərbə daşınması yalnız Azərbaycan üzərindən keçməklə mümkündür. Möhtərəm Prezidentimız İlham Əliyevin vurğuladığı kimi: “Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri nəqliyyat-tranzit əməkdaşlığıdır”. Qeyd edək ki, Mərkəzi Asiya ölkələri trans-Xəzər nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində maraqlıdır. Bununla yanaşı, Avropa ölkələrinin də Mərkəzi Asiya enerji resurslarına ehtiyacı vardır.
Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi isə Çin və digər Cənub-Şərqi Asiya ölkələri ilə Qafqaz, Türkiyə və Avropa arasında əlaqələri birləşdirməyə qadir Azərbaycanın üzərinə düşür. Çünki, ölkəmiz hazırda Qərblə Şərqi birləşdirən tranzit yollara və beynəlxalq marşrutlara nəzarət etmək imkanına malikdir. Göründüyü kimi Mərkəzi Asiya Məşvərət Toplantısı həm Azərbaycan, həm Mərkəzi Asiya, həm də qlobal miqyasda böyük tarixi əhəmiyyət kəsb edən tədbirlərdən biri kimi əhatəliliyi ilə seçilir və Mərkəzi Asiya respublikaları ilə Azərbaycan arasında strateji tərəfdaşlıq çərçivəsində iqtisadi əməkdaşlıq əlaqələrin təşkilatlanması üçün geniş imkanlar açır.
Bəli, Azərbaycan artıq beynəlxalq proseslərə istiqamət verməyə qadir ölkələrdən biridir.
Respublikamız mötəbər tədbirlərdə milli maraqlarımızı təmin edən yeni və uğurlu təşəbbüslərlə çıxış edir. Bu, dövlət Rəhbərimizin şəxsi nüfuzu, reallaşdırdığı uzaqgörən və müdrik siyasətin uğurlu nəticəsi, Azərbaycanın dəyişməz strateji xəttidir.
Nəzakət Quluqızı;
Neftçala rayonu, ictimai fəal


