Bu gün dünyada mövcud olan beynəlxalq vəziyyət ölkələrdən, xalqlardan həmrəylik, birlik nümayiş etdirmələrini tələb edir. Bu fikri bir çox məqamlardan səciyyələndirə bilərik. Belə ki, hazırda dünyada qlobal miqyasda qarışıqlığın, müharibələrin hökm sürdüyünün şahidiyik. Siyasi qütbləşmə və iqtisadi maraqlar naminə dünyada demək olar ki, sakit region tapmaq mümkün deyildir. Bu mənada yaşadığımız region da qeyd edilən mənfi təzahürlərdən yana deyildir.
Lakin Azərbaycanın son beş ildə qazandığı nailiyyətlər xalqımızın milli şüurunda böyük dəyişiklik etmiş, ümumiyyətlə dünyada yaşayan əlli milyondan çox azərbaycanlının özünə inamını bərpa etmişdir. Bu mənada qardaş Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, üzv, Macarıstanın, Türkmənistanın və Şimali Kipr Türk Respublikasının müşahidəçi kimi təmsil olunduqları Türk Dövlətləri Təşkilatının hazırda dünyada nümayiş etdirdiyi birlik, həmrəylik sözün əsl mənasında dünya üçün bir nümunədir. Belə bir dönəmdə sülh, ədalət, əməkdaşlıq, inteqrasiya tərəfdarı olan Türk birliyi bir neçə gün öncə məhz Macarıstanın paytaxtı Budapeştdə toplandı. Bu dəfəki toplantı qeyri-rəsmi zirvə görüşü olsa da, birliyin dünyaya növbəti mesajı idi. Budapeştdə türk dövlətlərinin ümumi maraqlarını ifadə edəcək mühüm məsələlər müzakirə olundu. Görüşdə iştirak və çıxış edən Möhtərəm Prezidentimiz növbəti dəfə dərin məzmunlu çıxışı ilə diqqətləri özünə çəkə bildi. Qeyd edək ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən ötən müddət ərzində Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün artıq türk insanında ölkələrimiz və xalqlarımız arasında olan doğmalığın əbədi və sarsılmaz olduğuna heç bir şübhə yoxdur.
Əliheydər Qarayev;
Neftçala rayonu


