Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) (World Bank ) və Beynəlxalq Valyuta Fondunun (BVF) (International Monetary Fund) İllik Toplantılarında iştirak məqsədilə ABŞ-nin Vaşinqton şəhərinə işgüzar səfərə yola düşüb.
13-18 oktyabr tarixlərini əhatə edəcək İllik Toplantılar zamanı Mərkəzi Bankın nümayəndə heyəti Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin qatılacağı tədbirlərdə, eləcə də DB və BVF-nin rəhbər şəxsləri ilə görüşlərdə iştirak edəcək. Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra xarici mərkəzi bankların və maliyyə institutlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlərinin və qarşılıqlı müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.


