8 noyabr – Şuşa şəhər günü
Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış ən möhtəşəm və şanlı səhifələrindən biri 2020-ci ilin 8 noyabrında yaradıldı. Həmin gün azadlıq və ədalət uğrunda apardığımız mübarizə öz zirvəsinə çatdı – Şuşa şəhəri işğaldan azad edildi. Bu, Azərbaycan xalqının iradəsinin, birliyinin və dövlətçiliyinin parlaq təntənəsi idi.
İllərlə düşmən tapdağı altında qalan Şuşa xalqımızın mədəni yaddaşı, musiqimizin beşiyi, ruhumuzun səsi idi. İşğal illərində bu müqəddəs torpaqlar dağıdılmış, abidələr təhqir olunmuşdu. Lakin xalqımız heç vaxt ümidini itirmədi. Hər kəsin qəlbində bir inam yaşayırdı bir gün Şuşaya qayıdacağıq!
O gün isə gəldi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu yenilməzlik nümunəsi göstərdi, Qırx dörd günlük Vətən Müharibəsinin kulminasiya nöqtəsi olan Şuşa döyüşləri tarixə qəhrəmanlıq dastanı kimi yazıldı. Bayrağımızın Şuşada ucaldıldığı an təkcə bu şəhərin deyil, bütün Azərbaycanın qəlbinə yayılan azadlıq nəfəsi, az qala əsrə bərabər otuz ilə yaxın yaşanan həsrət hissinə son qoyulduğu an, sanki bir millətin qürur hayqırtısı idi.
Zəfərdən sonra Şuşa yenidən dircəlməyə başladı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhərə dəfələrlə səfər edərək bərpa və quruculuq prosesinə xüsusi diqqət göstərdilər. Bu gün Şuşada yeni yollar, məktəblər, yaşayış binaları, mədəniyyət ocaqları inşa olunur. Qədim memarlıq və müasir texnologiya birləşərək “ağıllı şəhər” konsepsiyası əsasında yeni Şuşa reallığını formalaşdırır.
Bu gün Şuşa Azərbaycanın dirçəliş simvolu, milli mədəniyyətimizin paytaxtı və Zəfərimizin canlı nişanəsidir. Onun azad edildiyi 8 noyabr tarixi isə xalqımızın yaddaşında əbədi olaraq Qürur Günü, Zəfər Günü kimi yaşayacaq.
Millət vəkili
Azər Allahverənov


