Böyük Britaniyanın “Spice Girls” qrupu 2007-ci ildən bəri ilk dəfə yeni mahnı buraxacaq.
BAKU.NEWS “360tv.ru”ya istinadən xəbər verir ki, keçmiş və indiki üzvlər qrupun 25 illiyi münasibətilə bir araya gələcək və son 14 ildə ilk dəfə “Feed Your Love” adlı yeni trek yazacaq.
Buna baxmayaraq, kompozisiyanı yeni adlandırmaq olmaz – onun bir parçası hələ 2016-cı ildə sosial şəbəkələrdə yayılmışdı. Lakin indi qrup trekin rəsmi təqdimatını planlaşdırır. Bundan başqa, ilk dəfə onun yazılmasında karyerasına bu qrupda başlayan məşhur dizayner Viktoriya Bekhem də iştirak edəcək.
“Feed Your Love” iyulun 9-da dinləyicilərin ixtiyarına veriləcək. Balladanı Ceri Horner, Melani Çisholm, Emma Banton, Melani Braun və Viktoriya Bekhem ifa edəcək.
Qeyd edək ki, “Spice Girls” qrupunun əsası 1994-cü ildə qoyulub və o, qısa müddət ərzində populyarlaşıb və fanatların sevgisini qazanıb. Kollektiv 10 ilə yaxın fəaliyyət göstərib, daha sonra dağılıb. Qrup 2018-ci ildə yenidən bir araya gəlib.
Bekhemdən başqa bütün üzvlər qayıdıb. 2019-cu ildə “Spice Girls” qastrol səfərinə yollanıb. Onlar 13 konsert verərək 4,5 milyon funt sterlinq qazanc əldə ediblər.


