Hilton oteldə “Sənət unutmur” adlı sərginin açılış mərasimi keçirilib.
BAKU.NEWS xəbər verir ki, tədbirdə qeyri-ənənəvi tətbiqi sənət növü – “Strinq art” ustası Minarə xanım Mehdinin mərhum millət vəkili Qənirə xanım Paşayevanın istəyi ilə yaratdığı, Şuşa doğumlu görkəmli sənət xadimlərinin surəti və digər əsərləri nümayiş olunub.
Giriş sözü söyləyən MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı tədbirin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi və “Gözəl Yaşam Mərkəzi”nin təşkilatçılığı ilə keçirildiyini bildirib.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəaliyyətinə dair video-çarx nümayiş olunduqdan və Qənirə xanımın öz ifasında şeiri səsləndirildikdən sonra təşkilatçı qurumlar adından Arzu xanım Bağırovaya söz verilib.
Arzu Bağırova son 5 ildə hər il bu vaxtlar Qənirə xanımın təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı ilə bağlı şəhid ailələrinə mənsub xanımlarla görüş keçirildiyini xatırladıb. Arzu Bağırova xatırladıb ki, rəhbərlik etdiyi “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin yaranması da 6 il öncənin bu günlərinə təvafüq edir: “Bizim ictimai birliyimizin necə adlandırılması, məqsəd-vəzifələrinin müəyyənləşdirilməsi baxımından da Qənirə xanımın məsləhətləri önəmli rol oynayıb. Biz əziz Qənirə xanımla birlikdə çoxsaylı layihələr, xeyriyyə aksiyaları keçirmişik. Tədbirlərimizin böyük əksəriyəti şəhidlərimiz, qazilərimiz, gənc qızlarımız, ümumən gənclərimizlə, təhsillə, ədəbiyyatla, mədəniyyət-sənətlə, habelə Türk dünyası ilə bağlı olub.
Millət vəkilləri – Anar İsgəndərov, Aydın Hüseynov, Tamam Cəfərova , Jalə Əliyeva, Arzu Nağıyev, Məşhur Məmmədov, İlham Məmmədov, Pərvin Kərimzadə, Vüqar İsgəndərov çıxış ediblər.
Daha sonra xalq rəssamı Arif Hüseynov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və qəhrəman şəhidlərimizin ailə üzvləri çıxışa davam ediblər.
Tədbirin bədii bölümündə Xalq artisti Simarə İmanova və gənc sənətçi Ceyhun Həsrət və görmə imkanları məhdud istedadlı gəncimiz Ramal Əzimzadə tədbirimizə rəng qatıblar.
Sonda Arzu Bağırova qeyd edib ki, sərgidən sonra alınan əsərlər Qarabağdakı muzeylərə hədiyyə olunacaq.





