Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Çinin Şanxay şəhərində təsis olunub. Bu il “ŞƏT plyus” formatında keçirilən görüş Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutdu. Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılmışdı ki, omlardan biri də cənab Prezident İlham Əliyev idi. Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında Ölkə başçımızın ikinci iştirakı idi.
Belə ki, bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabr ayının 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak etmişdi. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə cənab Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Xüsusi vurğulayaq ki, Azərbaycan artıq uzun illərdir ki, ŞƏT-ə üzv ölkələrlə həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxlaq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Bu ölkələrdən biri də Qazaxıstandır. Astana Sammitində etdiyi çıxışında cənab prezident ölkələrimiz arasında əməkdaşlıq istiqamətində bir çox məqamlara toxunaraq eyni zamanda son iki ildə bu ölkəyə dörd dəfə səfər etdiyini vurğuladı. Həmçinin bildirdi ki, həmin müddətdə Qazaxıstan Prezidenti də Azərbaycana üç dəfə səfər edib. Əlbəttə ki, bu səfərlər ölkələrimiz arasında etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisidir. Bu faktdır ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqe və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib və ölkəmiz cənab Prezident İlham Əliyevin həyata keçirdiyi son dərəcə uğurlu xarici siyasət sayəsində bu imkanı uğurla reallaşdırmaqdadır. Dünyada və regionda baş verən geosiyasi hadisələr fonunda Azərbaycanın bu imkanlardan maksimum yararlanmaq niyyəti ilə atdığı addımlar ölkəmizin sabahına hesablanmış addımlardır. Mğhtərəm Prezident cənab İlham Əliyevin ŞƏT-in Astana Zirvə toplantısındakı iştirakı Azərbaycanın COP-29 ilə bağlı mesajlarını bu mühüm platforma vasitəsilə çatdırılması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da böyük əhəmiyyət kəsb etdi. Zirvə görüşü zamanı cənab Prezident bir daha diqqətə çatdırdı ki, Bakıda keçiriləcək COP-29 çərçivəsində Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaqdır.
Ülviyyə Abdullayeva;
Neftçala rayonu, müəllim


