“Sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi istiqamətində iş gedir”.
BAKU.NEWS xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev deyib.
O bilidirib ki, hər bir bölgənin şagird-valideyn mentaliteti fərqli olduğundan müxtəlif bölgələr üzrə işçi qruplar seçilib.
“Artıq bir dəfə böyük toplantı keçirilib. Bu ayın sonunda növbəti toplantı keçiriləcək. Məqsəd ortaq rəyləri alıb, düzgün qərar verərək səliqəli sənədlərin, nizam-intizam qaydalarının hazırlanmasıdır. Hədəfimiz həmin qaydaların kağız üzərində qalmaması, tətbiq edilə bilən olmasıdır”.
Sektor müdiri qeyd edib ki, eyni zamanda valideynin məktəbdən gözləntisi, məsuliyyəti, səlahiyyəti, hansı halda məktəbin işinə müdaxilə edə biləcəyi və s. məsələlər tənzimlənəcək.
“Bəzən olur ki, valideynlər haqlı olaraq məktəblərdən müəyyən şeylər tələb edirlər. Bu zaman məktəb rəhbərliyi hesab edir ki, bu, valideynin işi deyil. Yaxud da bunun əksi baş verir. Biz də bu proseslərin nizamlanmasını, qaydalar çərçivəsində həyata keçirilməsini istəyirik. Bütün yeni qaydalar məktəb, valideyn, müəllimyönümlü yox, şagirdyönümlü olmalıdır” – o deyib.


