Qurban bayramı yalnız dini-mənəvi mahiyyət daşımır, eyni zamanda kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq sektoru üçün mühüm əhəmiyyət kəsb edir. Bayram ərəfəsində ölkəmizin aqrar sahəsində canlanma müşahidə olunur, bu da iqtisadi və sosial baxımdan xüsusi rol oynayır.
Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva bildirib.
Onun sözlərinə görə, bayramın əsas mərasimi olan qurbanlıq heyvanların – əsasən qoyun, keçi, iribuynuzlu mal-qaranın – alınması və kəsilməsi prosesləri birbaşa kənd təsərrüfatı istehsalçılarına təsir göstərir. Qurban bayramı günlərində ölkədə heyvan bazarlarında tələbat əhəmiyyətli dərəcədə artır, bu da yerli heyvandarlıq təsərrüfatları üçün satış imkanlarını genişləndirir, eyni zamanda gəlir artımına səbəb olur.
Son illər Azərbaycan hökuməti bayram ərəfəsində əhalinin tələbatını qarşılamaq və bazarda süni qiymət artımının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür. Rayon və şəhər mərkəzlərində yaradılan xüsusi qurbanlıq satış məntəqələri, baytarlıq nəzarəti və logistik dəstək kəndli və fermerlər üçün əlverişli şərait yaradır. Bu isə öz növbəsində, aqrar sektorun daha sistemli və sağlam inkişafına təkan verir.
Qurban bayramı eyni zamanda kənd əməkçilərinin əməyinə verilən bir dəyərdir. İlin əksər hissəsini heyvandarlıqla məşğul olan fermerlər üçün bu bayram, zəhmətlərinin bəhrəsini gördükləri dövrdür. Həmçinin, heyvan sağlamlığı, yem bazası və seleksiya işlərinə diqqət bu dövrdə daha da artır.
Bayramın sosial yönünü də unutmaq olmaz. Qurbanlıq əti əsasən imkansızlara, aztəminatlı ailələrə paylanır ki, bu da kənd yerlərində sosial həmrəyliyi və paylaşma mədəniyyətini gücləndirir. Beləliklə, Qurban bayramı həm dini ənənələrin qorunub saxlanması, həm də kənd təsərrüfatının stimullaşdırılması baxımından xüsusi önəm daşıyır.
Nəticə etibarilə, Qurban bayramı Azərbaycan kəndlisinin, fermerinin həyatında yalnız dini və mədəni hadisə deyil, həm də iqtisadi fəaliyyətin mühüm mərhələsi kimi çıxış edir. Bu bayram həm mənəviyyatı, həm də kənd təsərrüfatının dayanıqlı inkişafını özündə birləşdirən dəyərli bir irsdır, deyə M.Əliyeva vurğulayıb.


