Ötən ilin 19 sentyabr tarixində Müzəffər Prezidentimiz cənab İlham Əliyevin əmri ilə başladılan və cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində dövlətimizin beynəlxalq hüquqla tanınan bütün ərazilərində suverenliyi bərpa edildi.
Məlumdur ki, 2020-ci ildə düşmənin davamlı təxribatlarına cavab olaraq başladılmış əks hücum əməliyyatları 44 günlük Vətən Müharibəsi kimi tarixə keçdi. Həmin günlər ərzində Azərbaycanın real gücü nədən ibarətdir təkcə Ermənistan deyil, bütün dünya gördü. Azərbaycan o vaxt qardaş Türkiyənin mənəvi dəstəyi ilə çoxqütblü beynəlxalq təzyiqlərə sinə gərərək rəsmi İrəvanı və onun dırnaqarası məğlubedilməz ordusunu döyüş meydanında diz çökdürdü.
Nəticədə faktiki məğlubiyyətini qəbul edən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Lakin zaman göstərdi ki, düşmən imzaladığı və qəbul etdiyi razılaşmaları pozur, vaxt, zaman udaraq növbəti onilliklərin xülyasını qurur. Lakin bu dəfə də zaman göstərdi ki, cənab İlham Əliyev baş verənləri hər kəsdən yaxşı bilir və analiz edir.
Belə də oldu, lokal xarakterli antiterror əməliyyatlarının sonunda tarixi Xankəndi və ətraf ərazilərdə yerləşmiş separatçılar ağ bayraq qaldıraraq, təslim olmağa və tərkisilah olunmağa razı oldular. Beləliklə Qarabağımız öz suverenliyinə qovuşdu. Bu tarixi günlərin canlı şahidi olmaq həqiqətən də hər bir azərbaycanlı üçün qürurvericidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xankəndi şəhərində Azərbaycanın dövlət bayrağının qaldırılması və əbədi olaraq dalğalandırılması şanlı tariximizin ən yadda qalan hadisələrindən biri idi.
Bu hadisə, həm də düşmənə və onun havadarlarına verilmiş tarix dərsi idi. Qeyd edək ki, Xankəndində Azərbaycanın dövlət bayrağının qaldırılması oktyabr ayının 15-nə təsadüf etdi. Bu tarixi hadisə, eyni zamanda cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi günə təsadüf edirdi. Həmin tarixi hadisədən 20 il ötürdü. Cənab İlham Əliyev həmin gün, həm də ötən iyirmi ilin hesabatını verirdi deyə bilərik. Əminliklə deyə bilərik ki, Ölkə başçımız 20 il ərzində xalqa verdiyi bütün vədlərə tam əməl etmişdi. Ali Baş Komandanın Xankəndidə Azərbaycan xalqına etdiyi müraciəti hələ uzun illər azəbaycanlıların, vətənsevərlərin qəlbində yaşayacaq, yaddaşlarında əbədiyyən həkk olunacaqdır. Bir məqamı isə xüsusi vurğulamalıyıq ki, həm gün qəlbi daim Vətən eşqi ilə döyünən Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımız uğrunda şirin canlarından keçən Şəhidlərimizin ruhu şadı idi. Bəli, bu gün bir xalq üçün Qalib ölkənin vətəndaşı olmaqdan daha qürurlu heçnə ola bilməz!.
Eşq olsun Azərbaycana!, Eşq olsun onun qədirbilən xalqına!, Eşq olsun onun Müzəffər Liderinə!.
Əliheydər Qarayev;
Neftçala rayonu


