“Qala Sığorta” ASC 2026-cı ilin ilk yarısını 3,54 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,7% azdır.
2025-ci ilin ilk yarısında şirkətin xalis mənfəəti 6,76 milyon manat təşkil etmişdi.
Hesabat dövründə “Qala Sığorta”nın gəlirləri 19,3% azalaraq 46,9 milyon manatdan 37,83 milyon manata düşüb. Şirkətin əsas əməliyyat gəlirləri isə 36,6% azalaraq 50,22 milyon manatdan 31,83 milyon manata enib.
Gəlirlərin azalmasında əsas amil əmlak sığortası üzrə yığımların kəskin aşağı düşməsi olub. Belə ki, bu istiqamətdə hesablanmış sığorta haqları 59,8% azalaraq 37,33 milyon manatdan 15,02 milyon manata enib.
Əmlak sığortasında azalmanın böyük hissəsi daşınmaz əmlakın icbari sığortasının payına düşüb. Bu sığorta növü üzrə hesablanmış sığorta haqları 26,71 milyon manatdan 3,12 milyon manata düşüb. Beləliklə, yığımlar 88,3% və ya 23,59 milyon manat azalıb.
Bunun əksinə, əmlakın yanğından və digər risklərdən sığortası üzrə hesablanmış sığorta haqları 20,4% artaraq 7,97 milyon manata çatıb.
Avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar 1,7% azalaraq 3,93 milyon manat olub. Bu sığorta növü üzrə ödənişlər isə 14,9% artaraq 1,87 milyon manata yüksəlib.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hesablanmış sığorta haqları 18,9% artaraq 9,91 milyon manata çatıb, ödənişlər isə 16,9% azalaraq 7,63 milyon manat təşkil edib.
Hesabat dövründə şirkətin xərcləri də 13,1% azalaraq 38,43 milyon manatdan 33,4 milyon manata düşüb. Lakin gəlirlərin xərclərlə müqayisədə daha sürətli azalması mənfəətdə kəskin eniş yaradıb.
Şirkətin investisiya portfelində də əhəmiyyətli dəyişiklik baş verib. “Qala Sığorta”nın investisiya portfeli 14,7% azalaraq 70,49 milyon manatdan 60,13 milyon manata enib.
Dövlət istiqrazlarına yatırımlar 62,41 milyon manatdan 17,85 milyon manata düşərək 71,4% azalıb. Əvəzində qeyri-dövlət istiqrazlarına yatırımlar 3,89 milyon manatdan 19,11 milyon manata, bank depozitləri isə 3,85 milyon manatdan 22,8 milyon manata yüksəlib.
Qeyd edək ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10,02 milyon manatdır. Sığorta şirkətinin 100% səhmdarı “Azre-Təkrarsığorta” şirkətidir. Sözügedən şirkətlərin adı mediada keçmiş maliyyə naziri və hazırda baş nazirin müavini Samir Şərifovla hallanır. S.Şərifov 2025-ci ilin yanvar ayında maliyyə naziri vəzifəsindən azad olunub və baş nazirin müavini təyin edilib. (plat.az)


