Möhtərəm Prezident cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirilir.
Dövlət başçısı cənab İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər ölkə ictimaiyyətinin aktual məsələlərə dair dolğun və obyektiv məlumatlandırılması, həyata keçirilən dövlət siyasətinin mahiyyətinin izah edilməsi və qarşıdakı dövr üçün prioritet istiqamətlərin açıqlanması baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Bu mənada haqlı olaraq Ölkə başçısının müsahibəsi ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirilir.
Xüsusi qeyd edək ki, Möhtərəm Prezidentin müsahibəsi açıq, prinsipial və faktlara əsaslanan mövqeyi ilə seçilmiş, Azərbaycan dövlətinin milli maraqlara söykənən siyasətinin mahiyyətini bir daha nümayiş etdirdi. Cənab İlham Əliyev demək olar ki, bütün istiqamətlər üzrə; ölkənin daxili siyasəti, sosial-iqtisadi inkişaf strategiyası, həyata keçirilən islahatlar, regionların inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması və dövlətin qarşısında duran əsas vəzifələr barədə ətraflı fikirlər səsləndirdi. Son illər ərzində aparılan ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının dayanıqlılıq qazandığına, qeyri-neft sektorunun inkişaf etdiyinə, makroiqtisadi sabitliyin təmin olunduğuna diqqət çəkən Dövlət başçısı əldə olunan iqtisadi uğurların sosial sahədə də öz müsbət təsirini göstərdiyini, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını xüsusi vurğulamışdır. Bu gün əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd etməliyik. Cənab Prezident müsahibəsində qeyd etmişdir ki, iqtisadi inkişafın əsas məqsədi əldə olunan gəlirlərin insan kapitalının inkişafına yönəldilməsi və hər bir vətəndaşın rifahında real şəkildə əks olunmasıdır. Möhtərəm Prezident geniş spektrli müsahibəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə də xüsusi diqqət yetirilmişdir. Azad edilmiş ərazilərin dirçəldilməsini Azərbaycanın milli prioriteti hesab edən cənab İlham Əliyev qısa müddət ərzində yaradılmış müasir infrastrukturun – yolların, körpülərin, tunellərin, hava limanlarının, enerji və kommunikasiya xətlərinin məhz ölkəmizin öz gücü hesabına edildiyini böyük uğur adlandırdı.
Vətəndaş olaraq demək olar ki, hər gün bir vaxtlar öz doğma yurdlarından məcburən köçkün düşmüş soydaşlarımızın ən müasir səviyyədə yaradılmış yaşayış məntəqələrinə qayıtmaları bizləri həm sevindirir, həm də qürurlandırır. Bəli, bu gün Azərbaycanın məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət yürüdür. Ölkəmiz regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı.
Əliheydər Qarayev;
Neftçala rayonu


