Son dövrlər Ölkəmizin heç zaman olmadığı qədər güclənməsi, tarixi nailiyyətlər qazanması bəzi anti-Azərbaycan dairələri sözün əsl mənasında ciddi narahat edib.
Erməni lobbisinin təsiri ilə həmin dairələr bu dəfə özlərini daha iyrənc şəkildə Avropa Şurası Parlament Assambleyası səviyyəsində ifşa etdilər. Vətən Müharibəsinin nəticəsindən məyus olan AŞPA rəsmiləri ötən il Ölkəmizin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarından sonra iç üzlərini ortaya qoydular. Onlar ilk əvvəl qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləmədilər. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırıldı. Səsləndirilən arqumentlər, gətirilən səbəblər isə əsassız və qərəzli idi. İddialardan biri odur ki, Azərbaycan guya Qarabağdan erməni sakinləri zorla çıxarıb. Halbuki, ortada bununla bağlı heç bir fakt yoxdur. AŞPA-nın bəzi üzvləri qatı cinayətlər törətmiş və hazırda barələrində məhkəmə qərarlarının icrasını gözləyən separatçıların liderlərini “siyasi məhbus” adlandırıblar. AŞPA-nı narahat edən bir məsələ də ondan ibarətdir ki, bu qurum Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə dəvət olunmamasıdır.
Əlbəttə ki, hər bir ölkə kimi Azərbaycan da seçkilərə beynəlxalq müşahidəçiləri dəvət etməkdə müstəqildir. Qeyd edək ki, prosesi izləmək üçün beynəlxalq təşkilatlara dəvət məqsədilə XİN tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, MDB, İƏT, ŞƏT, GUAM, TDT və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib. Qeyd edək ki, AŞPA-nın qərəzli toplantısında almaniyalı deputat Frank Şvabenin qərəzli və əsassız çıxışına və çağırışına qarşı sərt çıxış edənlər də oldu. Yan Liddel-Qreydjer Azərbaycana qarşı demarşı pisləyərək, həmkarının qənaətinə etiraz edib. Əlbəttə ki, böyük ümüdlərlə bu quruma 2001-ci ildə üzv olan Ölkəmizin təşkilatdan gözləntiləri böyük idi.
Lakin 30 il ərzində nəinki bu qurumun ədalətin tərəfində oldu, əksinə cinayətkarı, təcavüzkarı haqlı gördü. Bu qurum son addımı ilə etimadını tam olaraq itirdi. Bu davranış AŞPA-nın özünün prinsip və normalarına zidd addımdır. Son hadisələr təşkilatın daxilində demokratik dəyərlərin tam iflasa uğradığını göstərdi. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələr qazanan, inkişaf və tərəqqi edən Azərbaycana bu kimi qərəzli yanaşma və addımlar heç bir formada təsir edə bilməz. Biz müstəqil siyasət yürüdən bir ölkə olaraq, əsas prinsiplərimizdən əl çəkməyəcək, sülh, inteqrasiya, əməkdaşlıq kimi ali dəyərlərə sadiq qalacağıq.
Aynur Ağayeva
Neftçala rayonu, mədəniyyət işçisi


