Beynəlxalq Valyuta Fondunun (BVF) “Aprel Hesabatı”na əsasən, qlobal iqtisadi artım 2025 və 2026-cı ildə 3,2 faiz səviyyəsində proqnozlaşdırılır. Bu göstərici həm ötən ildə qeydə alınan 3,3 faiz artımdan, həm də 2000–2019-cu illərdə tarixi orta göstərici olan 3,7 faizdən aşağıdır.
Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.
O bildirib ki, hesabatda, həmçinin qlobal inflyasiya proqnozu 2025-ci il üçün dəyişməz saxlanılıb, 4,2 faiz səviyyəsində müəyyən edilib: “2026-cı ildə isə bu göstəricinin 0,1 faiz bəndi artaraq 3,3 faiz olacağı proqnozlaşdırılır”.
“Qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun artımı bu ilin sonuna 3 faiz, növbəti il üçün 4,4 faiz səviyyəsində gözlənilir. Hazırda ölkənin strateji valyuta ehtiyatları 2023-cü ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb və bu göstərici ölkə iqtisadiyyatının dayanıqlığının mühüm təminatçısı kimi çıxış edir”, – deyə AMB sədri əlavə edib.


