Azərbaycan Tibb Universitetinin (ATU) Oftalmologiya kafedrasında müəllifi olduğu “Konyunktivitlərin Klinikası, Differensial Diaqnostikası və Müalicəsində Müasir Yanaşma” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.
Dərs vəsaiti konyunktivitlərin müasir klinik yanaşmalar əsasında diaqnostikası və müalicəsinə dair elmi-praktik biliklərin sistemləşdirilməsi məqsədilə hazırlanıb. Nəşrin tələbələr, rezidentlər və həkim-oftalmoloqlar üçün faydalı elmi mənbə olması nəzərdə tutulur.
Kitabın elmi rəyçiləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Elmar Qasımov və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, tibb elmləri doktoru Nigar Qurbanovadır.
Təqdimat zamanı müəllif dərs vəsaitinin ərsəyə gəlməsində göstərdikləri dəyərli elmi rəylərə və tövsiyələrə görə rəyçilərə təşəkkürünü bildirib. Həmçinin ATU-nun Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinura tədbirin təşkilinə və məhsuldar elmi müzakirə üçün yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.
Tədbir iştirakçıları arasında Aysel Qəlbinur, Hafiz Qəhrəmanov, Aybəniz Abdullayeva, Vəfa Nəsirova, Rəhman Allahverdiyev, Solmaz Əliyeva və digər oftalmoloq həmkarlar da yer alıblar. Onlar kitab haqqında fikirlərini bölüşüb, müəllifə suallar ünvanlayıb və yeni nəşr münasibətilə təbriklərini çatdırıblar.
Təqdimat maraqlı elmi müzakirələr və sual-cavab sessiyası ilə yadda qalıb. Sonda dərs vəsaiti iştirakçılara hədiyyə edilib. Müəllif göstərilən diqqətə, səmimi təbriklərə və dəyərli rəylərə görə bütün həmkarlarına təşəkkürünü bildirərək, kitabın oftalmologiya sahəsində çalışan mütəxəssislər və gələcək həkimlər üçün faydalı vəsait olacağına inandığını vurğulayıb.








