“AzSığorta” ASC 2026-cı ilin birinci yarısını 375,6 min manat xalis zərərlə başa vurub. Ötən ilin eyni dövründə şirkət 673,6 min manat xalis mənfəət əldə etmişdi.
Plat.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bununla da “AzSığorta”nın maliyyə nəticəsi illik müqayisədə 1,05 milyon manat pisləşib.
Hesabat dövründə sığortaçının ümumi gəlirləri 5,38 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin ilk yarısında 7,18 milyon manat olub. Beləliklə, şirkətin gəlirləri bir il ərzində 1,8 milyon manat və ya 25,1% azalıb.
Əsas əməliyyat gəlirləri də 4,7 milyon manatdan 3,77 milyon manata enib. Bununla yanaşı, investisiya gəlirləri 1,13 milyon manatdan 1,38 milyon manata yüksəlib.
“AzSığorta”nın xərcləri isə 6,34 milyon manatdan 5,76 milyon manata düşüb. Xərclərin azalmasına baxmayaraq, gəlirlərdəki daha böyük geriləmə şirkətin dövrü zərərlə tamamlaması ilə nəticələnib.
İyunun sonuna “AzSığorta”nın aktivləri 29,24 milyon manat təşkil edib. Bir il əvvəl aktivlərin həcmi 30,97 milyon manat idi. Beləliklə, şirkətin aktivləri 1,73 milyon manat və ya 5,6% azalıb.
Şirkətin investisiya portfeli də 25,22 milyon manatdan 23,28 milyon manata geriləyib. Portfeldə ən böyük dəyişiklik depozitlərdə qeydə alınıb. Belə ki, depozitlərin həcmi bir il ərzində 10,5 milyon manatdan 6,5 milyon manata düşüb.
Eyni zamanda “AzSığorta”nın qeyri-dövlət istiqrazlarına yatırımları 3,11 milyon manatdan 5,11 milyon manata yüksəlib.
Hesabat dövrünün sonunda şirkətin ümumi öhdəlikləri 11,03 milyon manat olub. Ötən ilin eyni tarixində bu göstərici 12,46 milyon manat təşkil edib. Sığorta ehtiyatları isə 9,37 milyon manatdan 7,88 milyon manata qədər azalıb.
Xatırladaq ki, “AzSığorta” 2006-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 20,3 milyon manatdır. “AzSığorta”nın səhmlərinin 100%-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. H. İsmayılov, eyni zamanda, “AFB Bank” ASC-nin 99,64%-lik, “Bank of Baku” ASC-nin isə 31,11%-lik səhmdarıdır. Mətbuatda yer alan çoxsaylı məlumatlardan (bugünə kimi təkzib olunmayıb) belə görünür ki, H.İsmayılov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.


