Sahil Babayev: “Özünüməşğulluq proqramında qiymət artımına yol verilməsi qeyri-mümkündür”; “Heç bir vətəndaşa bir heyvanın, yaxud iki heyvanın 5-7 min manata alınmasına dair sənəd verilməyib, verilə də bilməz”
Azərbaycanda əmək pensiyalarının minimum məbləği artırılır. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fevralın 14-də keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bu artımın təşəbbüskarı ölkə prezidentidir və artıq onun Milli Məclisə göndərdiyi müvafiq qanun layihəsi komitə tərəfindən müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Layihə fevralın 19-da keçiriləcək plenar iclasda müzakirəyə təqdim ediləcək.
Martın 1-dən qüvvəyə minən artım nəticəsində 233 min nəfər pensiyaçının aldığı məbləğ yüksələcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım özünü göstərəcək. Artımın edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək. Ümumilikdə pensiyasında artım olanların 140 min nəfəri əlilliyə görə pensiya alanlardır.
Nazirin dediyinə görə, bu artımdan sonra alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə ölkəmiz MDB məkanında ilk iki yeri bölüşür.
Jurnalistlərin suallarını cavablandıran nazir bildirib ki, sosial müavinətlərin artımı məsələsinə müəyyən prosedurlardan sonra baxıla bilər: “Hazırda bizdə sosial müavinətlərlə bağlı işlər aparılır. Bildiyiniz kimi, bizdə 80-dək sosial müavinət var, onlarla bağlı işlər başa çatdıqdan sonra artım barədə hansısa qərar verilə bilər”.
“Yeni Müsavat”ın sualını cavablandıran S.Babayevin sözlərinə görə, ölkədə həyata keçirilən “Özünüməşğulluq proqramı” ilə bağlı narazılıqları ciddi adlandırmaq düzgün deyil: “Bu sahədə ciddi narazılıq olduğunu söyləmək üçün əsas yoxdur. 30 min baş iribuynuzlu və xırdabuynuzlu heyvan paylanıb vətəndaşlara. Cəmi 1 faizə qədəri üzrə narazılıq var. Bunu əsas götürüb yerdə qalan 99 faizə ciddi narazılıq demək yanlışdır. Müraciətlərin böyük əksəriyyəti 2-3 ay sonra edilib. Onların hər birini biz araşdırmışıq. Heyvanları alarkən vətəndaş öz imzası ilə təsdiq edir ki, keyfiyyətdən razıdır, aktivi razılıqla qəbul edir. İkincisi, heyvanların üzərində onların sağlamlığına dair baytarlıq arayışı da təqdim olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət satınalma qaydalarına uyğun olaraq bir şirkətlə müqavilə imzalayıb, bu işləri həvalə edib ona. O şirkətə ödənişlər yalnız vətəndaşın yazılı razılığı, imzaladığı akt və müvafiq videoçəkiliş olmadan edilmir”.
S.Babayev bildirir ki, heyvanların 5 min manata rəsmiləşdirilməsi barədə yayılan məlumatlar da əsassızdır: “Heç bir vətəndaşa bir heyvanın, yaxud iki heyvanın 5-7 min manata alınmasına dair sənəd verilməyib, verilə də bilməz. Çünki bir iribuynuzlu heyvanın – inəyin qiyməti vergilər, digər ödəniş və xərclər də daxil olmaqla 1800 manatdan yuxarı deyil. Bir heyvanın real alış qiyməti isə 1300-1400 manatdır. Bu, bazar qiymətindən ucuzdur. Hər hansı bir satınalmamızda qiymət artımına yol verilməyib. Heyvandarlıq üzrə aktivlər ötənilki qiymətlərdən 13-15 faiz, avadanlıqlar üzrə isə 22-25 faiz ucuz alınıb”.
Nazirin dediyinə görə, manipulyasiya etmək istəyənlər də var: “Müəyyən vətəndaşlar var ki, imkanları yaxşıdır, mal-heyvanı da var, amma yenə proqrama müraciət edir. Belə halları araşdırıb real vəziyyəti öyrənməklə 800-dək çox şəxsi proqramdan kənarlaşdırmışıq. Onların böyük əksəriyyəti müxtəlif iddialarla mətbuat orqanlarına, müxtəlif dövlət qurumlarına müraciət edirlər. Olur ki, qulaqları birkalı heyvan alan vətəndaş iki aydan sonra tamam fərqli heyvanı gətirir ki, mən bundan narazıyam. Yaxud heyvana yaxşı baxa bilmir, o da tələf olur. Yəni bizə edilən bütün müraciətləri araşdırmışıq. Həqiqətən aşağı keyfiyyətli olan aktivləri yeniləri ilə əvəzləmişik. Buna yol verən Məşğulluq Mərkəzi əməkdaşları intizam məsuliyyətinə cəlb olunub, cəzalandırılıb”.
S.Babayev bu ildən özünüməşğulluq proqramına cəlb olunan hər bir vətəndaş üçün elektron kabinet yaradılacağını bildirir: “Məşğulluq sistemində özünüməşğulluq altsistemi yaradılacaq. Orada proqram çərçivəsində aktiv alan hər bir vətəndaşın kabineti yaradılacaq. Hər hansı narazılıq bildirilən zaman o kabinetdəki məlumatlar əsasında vətəndaşın nə aldığı, neçəyə aldığı, video-foto çəkilişlər, aktiv almazdan əvvəl keçdiyi təlim, hazırladığı biznes planla tanış olmaq mümkün olacaq. Yəni kabinetdəki məlumatlar vətəndaşın razılığı əsasında ictimaiyyət üçün açıq olacaq”.
Saxta əlillik alınması halları ilə bağlı danışan S.Babayevin sözlərinə görə, indiyədək 1300 belə fakt aşkarlanıb: “Əlillik təyinatı ötən ilin birinci və dördüncü rüblərini müqayisə etdikdə 60 faiz, o cümlədən birinci qrup əlillik təyinatı 70 faiz azalıb. İndiki təyinat sayını ölkə üzrə standartlara uyğun hesab etmək olar”. Nazir onu da bildirir ki, saxta əlillik təyinatında iştirakı olan günahkar şəxslər ləğvetmə anınadək ödənilən 1 milyon manata qədər vəsaiti büdcəyə bərpa ediblər.


