Bu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Telman Əliyevin sözlərinə görə, Natiq Məmmədov Gürcüstan ərazisində Caspian Energy Club-un maraqlarını təmsil edəcək və eyni zamanda Klubun layihələrini idarə edəcək. “Natiq Məmmədov kifayət qədər uzun müddətdir ki, bir sıra ölkələrdə, o cümlədən Gürcüstanda biznesi uğurla idarə edir. Klubun İdarə Heyəti Natiq Məmmədovun namizədliyini onun fəal işgüzar mövqeyinə və Gürcüstanın dövlət və özəl sektorları ilə geniş əlaqələri əsasında seçib”, – deyə Telman Əliyev bildirib.
Natiq Məmmədov ona göstərilən yüksək etimada görə Caspian Energy Club-un Ali Rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki Azərbaycan və Gürcustan sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında aktiv iştirak edib, əlindən gələni edəcək.
Natiq Məmmədov, həmçinin Caspian Energy Georgia ofisinə rəhbərlik etdiyi müddətdə Azərbaycan və Gürcüstan şirkətlərinin yaxından əlaqə saxlamaları və əməkdaşlıq etmələri üçün çoxsaylı işgüzar səfərlər və ikitərəfli görüşlər təşkil edən Zaur Darabzadəyə minnətdarlığını bildirib. “Əminəm ki, komandamız müəyyən edilmiş templə işini davam etdirə biləcək”, – N.Məmmədov bildirib.
O, həmçinin bildirib ki, onun təyinatı fevralın 28-də keçiriləcək beynəlxalq Caspian Energy Forum Tbilisi – 2023 təşkilinin fəal mərhələsinə təsadüf edib. Caspian Energy Forum Tbilisi – 2023-ün əsas mövzuları Gürcüstanın iqtisadi inkişaf modeli (Turizm, loqistika, kənd təsərrüfatı sənayesi, daşınmaz əmlak və azad iqtisadi zonalar), orta dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və türkdilli dövlətlərin iqtisadi birliyi ilə əməkdaşlıq olacaq.
Forumda Gürcüstanın, Azərbaycanın, Türkiyənin, habelə Xəzər, Qara dəniz və Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət xidmət və dövlət agentliklərinin, bu ölkələrdə akkreditə edilmiş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri, kiçik və orta şirkətlərin rəhbərləri iştirak edəcəklər.
Caspian Energy Forum Tbilisi – 2023 nəticələrinə əsasən Gürcüstanın müxtəlif regionlarında hər ay B2G və B2B forumlarının, CEO Breakfast, CEO Lunch, həmçinin Business Tour və Round Table kimi tədbirlər təşkil olunacaq.


