Azərbaycan tarixinin səhifəsində beş il bundan öncə ən parlaq tarix yazıldı. Faciələrdən, soyqırım faktlarından, işğala məruz qalmış ərazilərimizdən, itkin düşən soydaşlarımızın, əsirlikdə olan vətən övladlarının, şəhid oğullarının gənc ömürlərinə yanan, kədərindən yorulan anaların qəlbində bir ümid şölələndi.
Biz qalib gəldik. Qarabağ Azərbaycandır.
44 gün davam edən, Azərbaycanın haqq savaşında qalib gəldiyi, vətənsevər övladlarının qanı ilə qazandığı bu qələbə bütün dünyanı heyrətləndirsə də, meşələrimizdə, digər ərazilərimizdə özünə gizlin yuva salmış terrorçu qruplaşmalar bu fərqi, bu yenilməz qüdrəti görə bilmədi. Nəhayət ki, Azərbaycan öz güclü və qətiyyətli lideri, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə bütün revanşist qüvvələr məhv edilərək Azərbaycanın hər bir guşəsində üçrəngli bayrağımızın yüksəlişinə, məğrur dalğalanmasına nail ola bildik. Bu müasir Azərbaycan tarixinin ən şərəfli səhifəsi, qürurla yazılan azadlıq səsi idi. Tarix boyu azadlıq mübarizliklə qazanılıb, tarixdə qalıb. Yurdunu, ocağını sevən hər kəs bu mübarizədə bərkiyib, əyilməzliyi ilə tarix yazıb.
Bu il qələbəmizin beşinci ildönümünü qeyd edirik. Vətən müharibəsində xalqımız bir daha özündən əvvəlki sələflərinin yoluna sədaqət nümayiş etdirərək vətəni necə sevməyin yolunu nümunə olaraq bütün dünyaya bəyan etdi. Bu bəyan təkcə döyüşlə bitmədi. Azad etdiyimiz hər qarış torpağımıza doğma əl sığal çəkdi sanki… Hər rayonumuzda quruculuq-bərpa işlərinə başlanıldı. Bu görülən işləri izləmək bir daha insana başqa duyğular verir. Otuz il müddətində erməni vandalları tərəfindən viran qalmış yurdumuzda yenidən duman çəkildi, günəş doğdu. Biz qayıtmışdıq. Həsrət dolu yurdumuza sevgi ilə, gözlərimizdə yaş, ürəyimizdə ocaq istəyi ilə qayıtmışdıq. Bu gün ayaq açdığımız hər qarış torpağımızda can fəda edən oğulların fədakarlıqla azad etdiyi yurdumuzda həyata keçirilən bərpa-quruculuq hər kəsin diqqətini çəkməkdədir. Beş il müddətində cənab Prezidentin hər bir rayonumuza səfəri tarixi anlarla, yurddaşlarımızın sevinclə qeyd etdiyi minnətdarlıqlarla yaddaşlara yazılmaqdadır. Bu gün bu ərazilərdə həyata keçirilən beynəlxalq tədbilər, dünyanın hər yerindən gələn qonaqlar da əsl vətən sevgisinin nə olduğunu Azərbaycan yolundan, işığından duyurlar. Belə ərazilərimizdən biri də Xocalı rayonudur. Xocalı deyəndə damarda qan donur.
Onun adı hər birimiz üçün əzizdir, yaddaşımızda haraydır… Bu gün isə onun çiçəkləndiyini görmək fəxr verir bizlərə. Açılan hər sabahın aydın olsun. Xocalı!-deyirik.
Cənab Prezident işğaldan azad olunmuş ərazilərimizə, eləcə də Xocalı rayonuna bu beş ildə dəfələrlə səfər etmişdir. Hər səfərində də qeyd etdiyim kimi, həmin rayonun tarixində yeni səhifə yazılmaqdadır. Hər birimizə əziz olan Xocalı rayonuna da səfərləri zamanı cənab Prezident burada ayrı-ayrı ərazilərdə quruculuq işlərinin aparılması haqqında tapşırıqlarını verərək növbəti səfərlərində ərazilərə yerləşən sakinlərlə görüşləri ilə daha çox yadda qalır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 18 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncamla artıq hər il 20 sentyabr tarixi Xocalı şəhər günü kimi qeyd edilir. Cənab Prezidentin insanlara diqqət və qayğısı, ərazilərimizdə həyata keçirilən yeni quruculuq – hər birimizin qəlbində sevinc mənbəyidir.
Ölkə rəhbəri 15 sentyabr 2025-ci il tarixində yenə də Xocalıda idi. Bu dəfə də Ölkə başçısı Xocalıda görülən işlərlə tanış olmuş, əhali ilə görüşmüşdür. Prezidentin hər bir səfəri xalqımızın qələbə ruhunu qoruyur, inamını artırır, işğaldan azad olunmuş torpaqlarda milli həmrəyliyi daha da möhkəmləndirir. Görülən işlər, həyata keçirilən tədbirlər bizə qürur verir.
Bədirə Niftaliyeva
“Neftçala-Gündoğar” qəzetinin baş redaktoru.


