Ölkə başçısı cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbulu zamanı çıxışında hazırda Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə diqqət çəkdi. Bəli, bu gün Azərbaycan tərəfi Ermənistanla uzunmüddətli sülhün təmin olunmasını əsas məqsədlərdən biri kimi nəzərdən keçirir. Bu yanaşma münaqişədən sonrakı dövr üçün yeni siyasi reallıqların formalaşdırılması baxımından əhəmiyyətlidir. Müharibənin başa çatması özü-özlüyündə davamlı sülhün tam təmin edilməsi demək deyil.
Davamlı sülh üçün siyasi, hüquqi, iqtisadi və humanitar mexanizmlərin formalaşdırılması tələb olunur. Qəbul zamanı keçmişdə baş vermiş hadisələrin unudulmaması ilə gələcəyə yönəlmiş sülh siyasətinin paralel aparılmasının vacibliyi vurğulandı. Bu, postmünaqişə cəmiyyətləri üçün mühüm məsələdir. Çünki kollektiv yaddaş cəmiyyətin siyasi və sosial davranışlarına uzun müddət təsir göstərə bilər. Eyni zamanda, yalnız keçmişdəki ağrılar üzərində qurulan yanaşma gələcək əməkdaşlıq imkanlarını məhdudlaşdıra bilər. Buna görə yaddaşın qorunması ilə sülh quruculuğu arasında balansın yaradılması mühüm vəzifədir. Sülh şəraitinin yaranması iqtisadi və sosial layihələrin daha geniş miqyasda həyata keçirilməsinə imkan verir. Qarabağın bərpası da məhz bu yeni regional şəraitlə sıx bağlıdır. İnsanların geri qayıtması, yeni şəhərlərin qurulması və iqtisadi fəaliyyətin genişləndirilməsi təhlükəsiz mühit tələb edir. Bu baxımdan sülh yalnız siyasi məqsəd deyil, həm də sosial-iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir.
Ölkə başçısı nitqində Türk dünyası və Qafqazın sülh şəraitində saxlanılması məsələsinə də diqqət çəkdi. Regional təhlükəsizlik yalnız iki dövlət arasındakı münasibətlərdən asılı deyil. Ətraf regionlarda baş verən proseslər də Qafqazdakı sabitliyə təsir göstərə bilər. Buna görə regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi əhəmiyyət qazanır.
Dini liderlərin də bu prosesdə özünəməxsus rolu ola bilər. Onların sülh, barışıq və qarşılıqlı hörmət çağırışları cəmiyyətlər arasında dialoqa müsbət təsir göstərə bilər. Sülhün davamlı olması üçün yalnız siyasi iradə kifayət etmir. Bunun üçün qarşılıqlı etimadın formalaşdırılması, kommunikasiya kanallarının qorunması və müxtəlif səviyyələrdə dialoqun davam etdirilməsi də vacibdir. Ümumi məntiqindən çıxış etdikdə dini, mədəni və humanitar əməkdaşlıq bu istiqamətdə əlavə imkanlar yarada bilər.
Azərbaycan və Ermənistan arasında münasibətlərin yeni mərhələyə keçməsi bütün region üçün yeni iqtisadi və sosial imkanlar aça bilər. Nəticə etibarilə, sülh gündəliyi keçmiş münaqişənin nəticələrindən gələcək əməkdaşlıq modelinə keçidin əsas istiqamətlərindən biri kimi təqdim olunur.
Salman Abdullayev
Neftçala rayonu


