Mingəçevir Dövlət Universitetinin inzibati binası təmir olunacaq.
Elm və Təhsil Nazirliyinin tabeliyində olan “Mingəçevir Dövlət Universiteti” PHŞ inzibati binanın cari təmiri və abadlaşdırılması ilə bağlı satınalma həyata keçirib.
Qalib “LİDER-LİNE” MMC olub.
Tərəflər arasında bağlanacaq müqavilənin ümumi dəyəri 525 min 878 manat təşkil edir.
Xatırladaq ki, nizamnamə kapitalı 10 manat olan “LİDER-LİNE” MMC-nin qanuni təmsilçisi Namizəd Əsgərov Şahmar oğludur. İlk dəfə “Lider-NN” MMC adı altında fəaliyyət göstərən şirkət 2021-ci ildən Mingəçevirdə İcra Hakimiyyətinin tabeli qurumlarının abadlıq-təmir işləri ilə bağlı keçirdiyi tenderlərdə iştirak edir və bir çoxunda qalib seçilib.
“LİDER-LİNE” MMC daha əvvəl ətriyyat və geyim məhsullarının satışı ilə məşğul olan şirkət kimi mediada gündəmə gəlib. Lakin şirkət ötən il açıqlama yayaraq təmir və digər sahələrdə də fəaliyyət göstərdiyini bildirib.
“LİDER-LİNE” MMC-nin adı ötən il Mingəçevir Şəhər İcra Hakimiyyətinin inzibati binasında aparılan təmir işləri zamanı baş verən bədbəxt hadisə ilə bağlı xəbərlərdə hallanıb. Həmin vaxt 1991-ci il təvəllüdlü fəhlə Emil Şükürov təmir işləri zamanı hündürlükdən yerə yıxılaraq həyatını itirib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin açıqlamasına əsasən, həmin təmir işləri üzrə keçirilən kotirovka sorğusunda qalib “LİDER-LİNE” MMC olub.
Əlavə edəki ki, bir neçə il öncə şirkətin Mingəçevirdəki fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə də narazılıqlar da gündəmə gəlmişdi. Mingəçevir sakinləri şəhərin mərkəzi prospektində kanalizasiya və asfalt problemlərinin həll olunmadığını, “LİDER-LİNE” MMC-nin təmir etdiyi bəzi yaşayış və qeyri-yaşayış binalarında isə işlərin keyfiyyətsiz aparıldığını iddia ediblər.
Qeyd edək ki, “LİDER-LİNE” MMC-nin tikinti sahəsində fəaliyyət göstərməsi üçün tələb olunan lisenziyalara malik olub-olmaması, eləcə də şirkətin mühəndis və işçi heyəti barədə açıq mənbələrdə hər hansı məlumat mövcud deyil.


