Deputat banklarda vətəndaşlara verilən kreditlərin faiz dərəcələrindən gileyləndi
Fevralın 19-da Milli Məclisin növbəti plenar iclası Oqtay Əsədovun sədrliyi ilə keçirildi. İlk olaraq Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında qanun layihəsi təsdiqləndi.
Dəyişikliyə əsasən, Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarıldı. 3 deputat – Rəşad Mahmudov, Elşən Musayev və Cavid Osmanov isə komitəyə yeni üzvlər seçildi.
“Kitabxana işi haqqında” qanun layihəsi haqqında – III oxunuşda – Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verdi və dəyişiklik təsdiqləndi.
“Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələri barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyni məlumat verdi. “Qərara aldıq ki, ”dövlət himni oxunduqda farağat vəziyyətdə dinlənilməsi və oxunması” sözləri əlavə olunsun” – komitə sədri bildirdi. Həmçinin beynəlxalq təcrübədə himnin oxunması zamanı əl qoyuluşu ilə bağlı xüsusi qaydanın olmadığını deyən komitə sədri bildirdi ki, burada ənənələr var. Yəni kim istəsə, əlini ürəyinin üstünə qoyub oxuya bilər. Dövlət himninin oxunması zamanı əcnəbilərin farağat vəziyyətdə himni dinləməsi tələbi də qanunda əksini tapır.
“Milli Məclisin komitələri haqqında” Qanuna təklif edilən dəyişiklik də təsdiqləndi. “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişikliklə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihə barədə məlumat verdi. Z.Səmədzadə bildirdi ki, qanuna edilən düzəliş bank sektorunun dəstəklənməsinə, əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək: “Bu, əhalinin banklara inamını artıracaq. Bütövlükdə bu qanun layihəsi cəmiyyət tərəfindən çox yüksək səviyyədə qarşılanıb”.
“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik haqda isə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Komitə rəhbəri prezidentin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirdi: “Azərbaycanda pensiyanın minimum həcmi 116 manat idi. Hətta 80 manatdan da aşağı müavinət alan insanlar var idi. ”Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklə 233 min nəfərin pensiyasında hiss olunacaq dəyişikliyə gətirib çıxaracaq”. H.Rəcəbli bildirdi ki, bu dəyişikliklərdən sonra 9 min insanın pensiyası iki dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq: “Bütövlükdə isə böyük bir qrup pensiyaçıların pensiyası 38.5 faiz civarında artır. Bunun üçün bu il 41 milyon manat, gələn il 49 milyon manat vəsait nəzərdə tutulur. Prezident Sumqayıt sakinləri ilə görüşdə də dedi ki, bu islahatlar, bu addımlar son deyil, davam edəcək”.
Deputat Fazil Mustafa prezidentin addımlarının cəmiyyətdə yüksək səviyyədə qarşılandığını dedi. Həmçinin prezidentin iştirakı ilə Sumqayıtda açılış mərasimi keçirilən zavoddan bəhs edərək bildirdi ki, dövlət başçısı yeni iş yerlərinin də açılması istiqamətində ciddi addımlar atır. “Ancaq Azərbaycanda hansısa əllər bu işlərin görülməsinə mane olur” – deyən F.Mustafa bildirdi ki, Azərbaycanda ən ciddi problemlərdən biri inhisarçılıqla bağlıdır: “Ölkədə rəqabət mühiti yaratmaq lazımdır ki, təşəbbüskar insanlar pul qazana bilsinlər. Xarici investorların ölkəyə gəlməsinə şərait yaratmaq lazımdır. Xarici investorlar niyə Gürcüstana vəsait qoyurlar? Çünki orada məhkəmə islahatları həyata keçirildi, sahibkarların fəaliyyətinə müdaxiləyə son qoyuldu. İlk öncə maneələri ortadan qaldırmaq lazımdır. Biz əvvəlcə yolu açmalıyıq. Vaxtilə bizdən də sabit ölkələr var idi, kiçik problemləri həll edə bilmədiyi üçün böyük təlatümlər yaşadılar. Şükür Allaha ki, Azərbaycan sabit ölkədir. Amma ölkədəki narazı insanlardan məkrli niyyətləri üçün istifadə etmək istəyən qüvvələr var”. F.Mustafa təcili şəkildə Rəqabət Məcəlləsini qəbul etməyə çağırdı.
Komitə sədri Siyavuş Novruzov da prezidentin fəaliyyətindən bəhs etdi. O, dövlət başçısının addımlarını öz adına çıxmağa çalışan müxalif qüvvələrdən də danışdı. Bildirdi ki, müxalifət prezidentin xalqın rifahı naminə atdığı addımlar keçirdikləri mitinqin nəticəsi sayırlar: “Onlar xalqı aldatmaq, xalqdan istifadə etmək üçün belə adımlar atırlar. Bu artımlar göydən gəlmir ki. Bunlar hələ dövlət büdcəsi qəbul olunanda məlum idi. Ötən ilin noyabrında biz dövlət büdcəsini təsdiq etmişdik və bu artımlar da o zaman nəzərdə tutulmuşdu. Milli Məclis qanun qəbul edib və prezident də təsdiqləyib. Bunlar isə yanvar ayında mitinq keçiriblər. Görün nə qədər ucuz formada, düşüncəsiz tərzdə insanları yoldan çıxartmaq istəyirlər. Artıq ölkə başçısının atdığı hər bir addımı öz adlarına çıxırlar”. S.Novruzov o qüvvələrin məkrli məqsəd güddüyünü dedi: “O adamlar istəyir ki, bu kimi işlər həyata keçməsin. Hansısa şəxslərin həbsdən azad olunması belə, bu şəxslərə sərf eləmir. Bu adamlar məkrli niyyətləri ilə özlərini tarixin arxivinə göndərəcəklər”.
Deputat Səttar Mehbalıyev də müxalif qüvvələrin iddialarını cavablandırdı: “Bəzi müxalifət nümayəndələri prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər. Onlar sosial şəbəkələrdə təhqirlər səsləndirirlər, ölkə başçısından tutmuş bütün məmurları təhqir edirlər. Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, azərbaycanlı olan şəxs digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin. Həmin söyüşlər, təhqirlər onların özlərinə və ailələrinə aiddir”.
Deputat Çingiz Qənizadə əmanətlərin bir illiyinə, tam sığortalanmasından bəhs etdi: “10 milyonluq Azərbaycan əhalisinin 7 milyonunu əhatə edəcək bir qərarın verilməsi təbii ki, alqışlanmalıdır. Təkcə əmanətçilərin deyil, həm də bankların maraqlarına uyğun bir qərarın verilməsi yüksək qiymətləndirilməlidir”. Ç.Qənizadə ardınca banklara da çağırış etdi: “Banklarda vətəndaşlara veriləcək kreditlərin faiz dərəcələrinə də nəzər salınmalıdır. Çünki kreditlərin qaytarılmasında çətinliklər var. Çox arzu edirəm ki, yaxın zamanlarda vətəndaşlara veriləcək kreditlərin faiz dərəcələri xeyli aşağı salınsın”.
Deputat dedi ki, islahatlarla bağlı ciddi addımlar atılır. Xatırlatdı ki, təkcə gömrük islahatları nəticəsində dövlət büdcəsinə 1,2 milyard əlavə vəsait daxil edilib. Deputat həmçinin Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını da təqdir etdi və fəaliyyətini yüksək qiymətləndirdi: “Bəzi müxalifyönlü qüvvələr ölkədə aparılan işlərə kölgə salmağa çalışırlar. Müxalifyönlü insanların aktivləşməsi ilə bağlı fikirlərə mən də qoşuluram. Görünür, Qərbdən bəzi şəxslərin cibləri açılır, bundan da ilhamlanan insanlar ölkədəki sabitliyi başqa cür yozmaq istəyirlər. Son dövrlər ölkə prezidentinin tapşırığı ilə müxtəlif qurumlarda islahatlar həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin gördüyü işlər əhalini keyfiyyətsiz məhsullardan qoruyur. Bu islahatlar yalnız müxalif qüvvələri deyil, mafioz qüvvələri də narahat edir. Son günlər Qida Təhlükəsizliyi Agentliyi və onun sədri Qoşqar Təhməzli ilə bağlı yazılan yazıları araşdırsaq, görərik ki, bunun arxasında ”leş mafiyası” dayanır. Həmin mafiya uzun illər yararsız və keyfiyyətsiz məhsulları vətəndaşlarımıza sırımaqla məşğul olub”.
İclasda “Gənclər siyasəti haqqında” qanun layihəsi II oxunuşda müzakirə olundu. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev qanun layihəsi barədə məlumat verdi. Komitə rəhbəri dedi ki, əgər əvvəlki layihədə 18 yaşına çatmayan vətəndaşlara tütün məmulatları ilə yanaşı, alkoqollu içkilərin satılması qadağan edilirdisə, son dəyişikliklərdə daha sərt əlavələr edilib. Belə ki, 18 yaşına çatmamış şəxslərə bütün növ energetik içkilərin satılması qadağan edilir.
Deputat Fazil Mustafa qanun layihəsində gənclik yaşı ilə bağlı müddəaya maraqlı münasibət bildirdi. “Onda belə çıxır ki, bu qanun özünü gənc hesab edən hər kəsin üzünə açıqdır” – deyə, o soruşdu. Həmçinin gənclərin potensialının üzə çıxarılmasına çalışmağı zəruri saydı. Dedi ki, ölkədə pulsuz hovuz tapmaq mümkün deyil, ona görə də hər il dənizdə batanlarımızın sayı başqa ölkələrlə müqayisədə çox olur.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişikliklər zamanı da söz alan deputat Fazil Mustafa vəkil olmaq istəyən şəxslərin qarşısında əlavə baryerlərin qoyulmasından narahatlığını ifadə etdi və şərtlərin daha da asanlaşdırılması təklifini səsləndirdi. Dedi ki, vəkillərdən məmur düzəltməyə ehtiyac yoxdur: “Vəkilliklə bağlı fəaliyyətin bu qədər çətinləşdirilməsinə, mürəkkəbləşdirilməsinə nə lüzum var? Onlardan məmur düzəltməyə ehtiyac yoxdur. Vəkildən məmur obrazı yaratmağın nə mənası var ki? Onların nüfuzunu qaldırmaq üçün məhkəmə islahatı keçirmək lazımdır. Bu gün məhkəmədə vəkil heç kimdir. Yəni heç bir işi vəkil öz ağlı ilə udmaq imkanına sahib deyil. Məhkəmələrdə hakimin, dövlət ittihamçısının iradəsindən kənar nəsə edə bilmirlər”.
Spiker Oqtay Əsədov deputatın fikirlərinə reaksiya verdi: “Fazil müəllim, mən sizinlə razı deyiləm. Vəkil kimdir? Onlar dövlətin vətəndaşıdır. Vəkilin savadı olmasın, amma müştərisi bol olsun? Nəyə görə savadı olmamalıdır? Zəhmət çəkib hazırlaşsın və növbəti il təkrar sənəd versin. Biz savadlı vəkil korpusunun formalaşmasında maraqlıyıq”.
İclasda “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919 – 2019)” medalının təsis olunması barədə layihə də qəbul olundu.
Deputat Qüdrət Həsənquliyev isə söz alaraq hüquq müdafiəçilərinin daxili işlər naziri Ramil Usubovla keçirdiyi görüşə diqqət çəkdi. Bildirdi ki, Monitorinq Qrupunun üç üzvü – Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənəniyarlı nazirə vaxtilə bir qrup ağır cinayət törədib həbs olunan şəxslərin əfvi ilə bağlı müraciət ediblər.
“Onlar cənab prezidentə də müraciət ediblər. Artıq Əfv Komissiyasının iclasları keçirilir. Ümid var ki, cənab prezident mart ayında belə bir əfv sərəncamı imzalayacaq. Mən də hüquq müdafiəçlilərinin müraciətlərinə qoşuluram. Bu insanlar öz obyektivlikləri, sağlam mövqeləri ilə cəmiyyətin rəğbətini qazanmış insanlardır. Onlar beynəlxalq təşkilatların haqlı olub-olmamalarından asılı olmayaraq, bir qrup insanların həbsdən azad olunması təşəbbüsü ilə çıxış ediblər. Həm yerli hüquq müdafiəçilərinin, həm beynəlxalq hüquq müdafiə təşkilatlarının təkliflərini nəzərə alaq, biz də onların təşəbbüsünə qoşulaq. Cənab prezidentdən xahiş edək ki, dövlət və vətəndaş əleyhinə, yəni şəxsiyyət əleyhinə, ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla, digər şəxslər – hansı ki, hüquq müdafiəçiləri siyahını təqdim edib, onların da böyük bir qismi təyin olunmuş cəzanın əhəmiyyətli hissəsini çəkib – onları əfv eləsin”.
“Telekommunikasiya haqqında” Qanuna dəyişikliklərin müzakirəsində çıxış edən deputat Əflatun Amaşov çox maraqlı fikirlər söylədi: “Əgər Londondasansa, sənə Bakıdan gələn zəng başqa ölkədən keçib gəlir. Telefonun ekranında Azərbaycan əvəzinə Rusiya yazılır. Bakıda da elədir. Tutaq ki, Rusiyadan sənə zəng olunur, telefonda başqa nömrə, başqa ölkə görünür. Görünür, kimlərsə bu yolla külli miqdarda vəsait əldə edirlər”. Ə.Amaşov bildirdi ki, bununla bağlı qanunvericiliyə edilən dəyişiklik vacibdir. Deputat ölkəmizin suverenliyinə digər təhdidlərdən də bəhs etdi: “Söhbət telekommunikasiyadan gedirsə, bir məsələni xüsusi qeyd etmək istərdim. Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioları üstələyir, hətta udur. Ağsu dolaylarında erməni radio dalğaları eşidilir, Gəncədən sonra gürcü radio dalğaları hakimdir. Hər bir ölkənin quru sərhədi olduğu kimi informasiya məkanlarının da sərhədləri var. Ölkəmizin gələcəyi naminə hər iki sərhədimizi qorumalıyıq. Hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmalıyıq”.
Yekunda “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə haqda Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verdi.
Müzakirələrdən sonra layihə ikinci oxunuşda qəbul edildi.


