Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti sahibkarı məhkəməyə verib.
Bu barədə Xidmətin yerli bölməsi Gədəbəy rayonunda meşə fondu torpağında qanunsuz quraşdırıldığı iddia olunan tikililərlə bağlı məhkəməyə müraciət edib.
İddiaçı məhkəmədən cavabdeh – sahibkar Tural Məsimov tərəfindən meşə fondu torpağında qanunsuz olaraq quraşdırılmış tikililərin sökülməsini və həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsini tələb edib.
Meşələrin İnkişafı Xidmətinin ərizəsinə əsasən, məsələ 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin (RMTM) Yanıxlı meşəbəylisinin kvartalında yerləşən, təbii adı “Şahzadə” bulağı olan ərazi ilə bağlıdır.
İddiaçı tərəfin bildirdiyinə görə, 2024-cü ildə RMTM-nin əməkdaşları tərəfindən meşələrin qorunması və mühafizəsi, həmçinin meşə fondu torpaqlarının istifadə vəziyyəti ilə bağlı həmin ərazidə yoxlama aparılıb. Yoxlama zamanı Gədəbəy rayonunun Qoşabulaq kənd sakini Tural Məsimov lazımi icazə olmadan özbaşına olaraq 0,20 hektar ərazidə tikili quraşdırdığı müəyyən edilib. Söhbət ölçüləri 4×2 metr olan bir ədəd mətbəxdən gedib. Aşkar edilmiş faktla bağlı akt tərtib olunub.
İddiaçı hesab edib ki, cavabdehin bu hərəkətləri ilə meşə fondu torpağının zəbt edilməsi baxımından Torpaq Məcəlləsinin 111-ci maddəsinin, özbaşına tikilinin quraşdırılması baxımından isə Mülki Məcəllənin 180.1-ci maddəsinin tələbləri pozulub.
Bu əsaslarla Meşələrin İnkişafı Xidmətinin yerli bölməsi məhkəmədən qanunsuz quraşdırıldığı bildirilən tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini istəyib.
İş əvvəlcə Gədəbəy Rayon Məhkəməsinə təqdim olunub. İş üzrə məhkəmə aidiyyəti məsələsi də mübahisəyə səbəb olub.
Gədəbəy Rayon Məhkəməsinin qəbul etdiyi qərardadla işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınıb.
Qərardadın əsaslandırılmasına görə, tərəflərin vergi məlumatları üzrə çıxarışlardan cavabdehin vergi ödəyicisi kimi qeydiyyatda olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Bu səbəbdən işə kommersiya məhkəməsində baxılmasının mümkün olduğu qənaətinə gəlinib.
Lakin Gəncə Kommersiya Məhkəməsi də öz növbəsində işin hansı məhkəməyə aid olması məsələsinin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərilməsi qərara alınıb.
Nəticədə Ali Məhkəmənin qərarı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin yerli bölməsinin sahibkara qarşı meşə fondu torpağında qanunsuz quraşdırıldığı iddia olunan tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə iddiasına mahiyyəti üzrə baxılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə göndərilib. (Plat.az)


