“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq maarifləndirmə istiqamətində növbəti tədbirlər həyata keçirilib.
Tədbirlər 27 oktyabr 2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı və ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə Bakı Dayaq Mərkəzində və 2 dekabr 2022-ci il tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə tələbələrin iştirakı ilə Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyası çərçivəsində keçirilib.
Tədbirdə “Özümüzü məişət zorakılığından necə qorumalıyıq?” adlı təqdimatla Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov və şöbənin böyük məsləhətçisi Səmra Əliyeva çıxış edərək, iştirakçılara zorakılıq və məişət zorakılığı, onların növləri, məişət zorakılığına məruz qalmış şəxslərə yardım, mövcud qanunvericilik aktları, həyata keçirilən sosial layihələr barədə geniş məlumat veriblər.
Çıxışlardan sonra “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Affekt” və “Rənglər” filmi və mövzu ilə bağlı məlumatlandırma posterləri iştirakçılara nümayiş etdirilib və mövzu ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib. Ümumilikdə tədbirlərdə 300 yaxın tələbə iştirak edib.


