Gədəbəy rayonunda “Mədə-bağırsaq və qaraciyər xəstəliklərinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyi və Medpro Marketing” MMC-nin birgə təşkilatçılığı ilə təşkil olunub.
Konfransın əsas məqsədi mədə-bağırsaq və qaraciyər xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və müasir müalicə üsulları ilə bağlı elmi biliklərin paylaşılması, həkimlərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin təşviq edilməsidir.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev və “Medpro Marketing” MMC-nin direktoru Hidayət Heydərov açılış nitqi ilə çıxış ediblər.
Konfrans tibb elmləri doktoru Yazgül Abdıyeva, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, dr. Afət Məhəmmədli, dr. Azər Nağıyev, tibb elmləri doktoru Aynur Səfiyeva, dr. Arzu Hüseynova, dr. Mahirə Qədirova və dr. Fərid Dünyamalıyevin moderatorluğu ilə keçirilib.
“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Yazgül Abdıyeva çıxış edərək belə elmi-praktik konfransların regionlarda çalışan həkimlərin beynəlxalq klinik tövsiyələr və müasir tibbi yanaşmalarla tanış olması, peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də müxtəlif ixtisaslar üzrə həkimlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, müasir dövrdə səhiyyə sahəsində əldə olunan elmi nailiyyətlərin praktikaya tətbiqi, həkimlərin davamlı tibbi təhsili və innovativ yanaşmaların mənimsənilməsi göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Daha sonra Y. Abdıyeva “Hepatoloji problemlərə müasir baxış” mövzusunda məruzə ilə çıxış edib. O, son illərdə hepatologiya sahəsində baş verən elmi və texnoloji yeniliklərdən, molekulyar biologiya, genomika, süni intellekt, telemedisina və müasir görüntüləmə üsullarının qaraciyər xəstəliklərinin diaqnostika və müalicəsində yaratdığı yeni imkanlardan danışıb. Bildirib ki, müasir yanaşmalar sayəsində qaraciyər xəstəliklərinin erkən aşkarlanması, fərdiləşdirilmiş müalicənin tətbiqi və xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Y. Abdıyeva vurğulayıb ki, müasir hepatologiyada məqsəd yalnız xəstəliklərin müalicəsi deyil, eyni zamanda risk faktorlarının vaxtında müəyyən edilməsi, ağırlaşmaların qarşısının alınması və xəstələrin uzunmüddətli həyat keyfiyyətinin qorunmasıdır. Çıxış zamanı profilaktikanın qaraciyər xəstəlikləri ilə mübarizədə əsas istiqamət olduğu qeyd edilərək sağlam həyat tərzinin təşviqi, düzgün qidalanma vərdişlərinin formalaşdırılması, fiziki aktivliyin artırılması, piylənmənin qarşısının alınması, hepatit B vaksinasiyasının genişləndirilməsi və risk qruplarında erkən skrininqin əhəmiyyəti diqqətə çatdırılıb. Sonda Yazgül Abdıyeva qaraciyər sağlamlığının qorunmasının yalnız hepatoloqların deyil, bütün səhiyyə işçilərinin, aidiyyəti dövlət qurumlarının və cəmiyyətin ortaq məsuliyyəti olduğunu vurğulayaraq belə elmi-praktik tədbirlərin regionlarda tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, həkimlərin davamlı peşəkar inkişafına və səhiyyə sisteminin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyinin sədr, Tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva “Şəkərli diabet və qaraciyər xəstəlikləri” məruzəsi ilə, Tibb elmləri doktoru Aynur Səfiyeva isə “Anal çatlarda müasir yanaşma – rəhbərlik nə deyir?” mövzusunda çıxış ediblər.
Daha sonra dr. Afət Məhəmmədli “Hepatit C və onun laborator diaqnostikası”, dr. Arzu Hüseynova “Xroniki pankreatit: diaqnostika və müalicə”, dr. Səltənət Məhərrəmzadə “Alkoqol mənşəli hepatit: diaqnostika və müalicə”, dr. Fərid Dünyamalıyev “Qida borusu varikoz venalarının endoskopik liqasiyası: texnika, göstərişlər və ağırlaşmalar”, dr. Mahirə Qədirova “Hepatit D: diaqnostika və müalicə”, dr. Azər Nağıyev “Qaraciyər ensefalopatiyasının diaqnostikası və müalicəsi”, dr. Afaq Ələsgərova “Uşaqlarda qaraciyər xəstəliklərinin diaqnostikası və müalicəsi”, dr. Təranə Bağırova “Uşaqlarda hepatit virusları və onlardan qorunma yolları”, nəfəs terapevti Neşe Kutlutaş “Mədə-bağırsaq və qaraciyər xəstəliklərində nəfəs terapiyasının üstünlükləri”, “Medpro Marketing” MMC-nin meneceri Ayxan Həsənov isə “Farmakologiyada müasir texnologiyalar və hepatoloji preparatlar” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransın sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.















