Beş il öncə, düşmənin təmas xətti boyunca törətdiyi aramsız hərbi təxribatlara cavab olaraq başladılmış və cəmi 44 günlük davam etmiş Vətən Müharibəsinin sonunda Azərbaycan dövləti tarixi Zəfər əldə etdi. Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında Qalib Azərbaycan ordusunun nümayiş etdirdiyi əzmkarlıq, peşəkarlıq, qəhrəmanlıq dünyaya səs saldı. Bu Qələbə, Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmaqla, həm də hər bir azərbaycanlının xatirəsində dərin izlər buraxdı. Düşmənin yaratdığı “məğlubedilməz ordu” Azərbaycanın igid, cəsur, qəhrəman oğullarının qarşısında tab gətirə bilmədi. Düşmən döyüş meydanında diz çökərək, kapitulyasiya aktını imzalamağa məcbur oldu. 10 noyabr tarixində imzalanan Üçtərəfli Bəyanata əsasən düşmən işğal altında saxladığı Kəlbəcər, Ağdam və Laçın rayonlarını qeyd-şərtsiz öz əzəli sahiblərinə qaytarmağa razı salındı. Kifayət qədər geniş bir ərazinin bir güllə belə atılmadan azad edilməsi Möhtərəm Prezident cənab İlham Əliyevin hərb meydanında əldə etdiyi qələbə ilə paralel, həm də diplomatik müstəvidə nail olduğu zəfərlərindən ən ümdəsi idi. Faktiki kapitulyasiya aktına uyğun olaraq qeyd-şərtsiz azad edilən rayonlarından biri də, füsünkar təbiətə malik, ölkəmizin strateji cəhətdən ən mühüm rayonlarından biri olan Kəlbəcər rayonu idi. 25 noyabr 2020-ci il tarixində düşmən Kəlbəcəri tamamilə tərk etdii. Bəli, bu tarixi günü kəlbəcərlilər, bütün xalqımız düz 27 il idi ki, gözləyirdi. Müzəffər Ali Baş Komandan bu günlərdə Kəlbəcər rayonuna səfəri zamanı kəlbəcərlilərlə görüşərək, həmin tarixi bir daha qürurla xatırladı. Xüsusi vurğulayaq ki, Müzəffər Azərbaycan Ordusu erməni təcavüzünə son qoymaqla paralel, həm də bəşəriyyəti növbəti faşizm istilasından, əsarətindən xilas etdi.
Düşmən əsrarəngiz təbiətə malik Kəlbəcəri işğalda saxlamaqla orada böyük ekoloji və mədəni terror həyata keçirmişdi. Kəlbəcərin göz oxşayan təbiəti düz 27 il Ermənistan tərəfindən məhv edilirdi. Buranın təbiəti ilə yanaşı onun malik olduğu resursları, təbii ehtiyatları, qızıl yataqları vəhşicəsinə, qanunsuz olaraq yağmalanmaqda idi. Statistik məlumatlara istinad edərək deyə bilərik ki, düşmən 1993-cü ilin aprel ayının 3-dən, yəni Kəlbəcəri işğal edtiyi gündən 2020-ci ilin 25 noyabr tarixinədək rayon ərazisində 13000 fərdi yaşayış evini yararsız hala salaraq məhv etmiş, 37852 hektar meşə sahəsini isə talan etmişdir. Həqiqətən də bu bir faşizm nümunəsidir, ekoloji mühitə qarşı edilmiş bir vandalizmdir. Artıq o günlər geridə qalıb, düşmən, istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə öz layiqli cavabını və yerini alıb. Bu gün tək, kəlbəcərlilər yox, bütün işğaldan azad edilmiş rayonlarımızın sakinləri qürurla, sevə-sevə öz yurd-yuvalarına qayıdır, bir zamanlar söndürülmüş ocaqlarını, bir daha sönməmək inamı ilə yandırırlar.
Səadət Nəcəfova;
Neftçala rayonu


