Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
BAKU.NEWS xəbər verir ki, dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönəmində bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi.
Bərpa edilən “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.


