Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, İranı əvvəllər ən çox tənqid edən şəxslərdən biri olsa da, Ərdəbilə səfəri zamanı gördükləri ölkə ilə bağlı bəzi təsəvvürlərini dəyişib.
Deputat 25–26 iyul tarixlərində İran İslam Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində o, Ərdəbil şəhərində keçirilən “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü” və “Ərdəbil Həftəsi” münasibətilə təşkil olunan tədbirlərdə, eləcə də bir sıra rəsmi görüşlərdə iştirak edib.
Modern.az-a danışan Ceyhun Məmmədov bildirib ki, səfərdən əvvəl bir çox insan müharibə şəraitində İrana getməyin nə dərəcədə təhlükəsiz olacağı ilə maraqlanırdı:
“Ərdəbildə açıq şəkildə müharibə hiss olunmurdu. Həyat öz axarında davam edirdi. İnsanlar işləyirdi, şəhər canlı idi. Müharibə ab-havası o qədər də hiss olunmurdu. Əlbəttə, insanlarda müəyyən narahatlıq vardı, amma bu, gündəlik həyata təsir etmirdi. Şəhərdə ciddi təhlükəsizlik tədbirləri və ya polis nəzarəti də diqqət çəkmirdi”.
Deputatın sözlərinə görə, səfər zamanı onu ən çox təsirləndirən məqamlardan biri Ərdəbildə yaşayan soydaşların Azərbaycana münasibəti olub:
“Ən çox diqqətimizi çəkən oradakı soydaşlarımızın bizə olan sevgisi və məhəbbəti idi. Kim öyrənirdisə ki, Azərbaycandan gəlmişik, böyük sevgi və hörmətlə qarşılayırdı. Bu, bizdə çox xoş təəssürat yaratdı”.
Ceyhun Məmmədov qeyd edib ki, İran siyasətini illərdir tənqid edən şəxslərdən biri olub və bunun obyektiv səbəbləri var:
“Mən İranın Azərbaycana münasibətini zaman-zaman ən çox tənqid edən şəxslərdən biri olmuşam. Bunun da ciddi əsasları var idi. İran tərəfindən ölkəmizə qarşı müxtəlif addımlar atılıb və Azərbaycan da buna adekvat cavab verib”.
Bununla yanaşı, deputat hesab edir ki, dövlətlərarası münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına uyğundur:
“Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi var. Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır. Hesab edirəm ki, nəyin bahasına olursa-olsun, oradakı soydaşlarımızla əlaqələrimizi qorumalı və İranla münasibətləri inkişaf etdirməliyik. İran bizim qonşumuzdur və bizim üçün vacib ölkədir”.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə geniş əməkdaşlıq imkanları mövcuddur:
“Ortaq tariximizi, mədəniyyətimizi və dəyərlərimizi bölüşürük. Bu dəyərləri qorumaq vacibdir. Mənim gördüyüm odur ki, İranın daxilindəki reallıq bizə kənardan təqdim olunan mənzərədən müəyyən qədər fərqlənir. Bəzi məsələlər faktlara əsaslanmadan təqdim olunur”.
Deputat vurğulayıb ki, regionda gərginliyin artması hər iki tərəfdə yaşayan azərbaycanlılara zərər vurur:
“Bir tərəfdə bizim soydaşlarımız yaşayır, digər tərəfdə də soydaşlarımız yaşayır. Baş verən hər bir münaqişədən hər iki tərəf əziyyət çəkir. Buna görə də hamımız sülhün və dialoqun qorunması üçün çalışmalıyıq”.


