30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü
Bəşəriyyət tarixində elə günlər var ki, onlar təqvimdə sadəcə bir tarix yox, insan vicdanının qarşısına qoyulan sualdır. 30 iyul da həmin günlərdəndir. Kaş ki, bir gün bu tarix yalnız keçmişin acı xatirəsi kimi qalsın…
İnsan alveri insanlığın üzərində qalan ən ağır ləkələrdən biridir. Cinsi istismar, məcburi əmək, orqan alveri, dilənçiliyə məcbur edilmə, insan iradəsinin sındırılması və ləyaqətinin alçaldılması – bütün bunların mərkəzində bir insan taleyi dayanır.
Həyat yolumun müxtəlif mərhələlərində hüquq-mühafizə və miqrasiya sahəsində çalışarkən çox fərqli talelərlə qarşılaşmışam. Bu təcrübə mənə bir həqiqəti öyrətdi: insan alverinin qurbanları statistik rəqəmlər yox, yarımçıq qalmış ömürlər, sınmış ümidlər və bəzən geri dönüşü olmayan həyat hekayələridir.
Tarix quldarlığın başa çatdığını yazır. İnsan alveri isə xatırladır ki, insanı vasitəyə çevirmək düşüncəsi hələ də müxtəlif adlar və üsullarla yaşamaqdadır.
Bu cinayətə qarşı ən güclü silah maariflənmiş cəmiyyət, ayıq vətəndaş mövqeyi və insan ləyaqətinə hörmətdir. Bəzən bir məlumat, bir xəbərdarlıq, bir diqqətli münasibət belə bir insan taleyini xilas etməyə kifayət edir.
Arzum budur ki, gələcək nəsillər 30 iyulu insan alverinə qarşı mübarizə günü kimi yox, bəşəriyyətin çoxdan geridə qoyduğu qaranlıq bir dövrün xatirəsi kimi tanısınlar. Çünki insan azaddır. Azad doğulur, ləyaqətlə yaşamaq üçün doğulur. Onu alınıb-satılan bir vasitəyə çevirmək yalnız bir insana yox, bütün insanlığa qarşı törədilən cinayətdir.
Ombudsman Aparatının
Mətbuat katibi Araz Əsgərli



