Belə bir deyim var həyatda heç kim heç nədən sığortalanmayıb. Həqiqətən də belədir. İstənilən bədbəxt, qəfil xoşagəlməz hadisə həyatımızı yarım qoya bilər.Ya tamamilə həyatla vidalaşarıq ya da sağlamlığımızı itirərik.Qisməti dəyişə bilməsək də baş verəcək riskləri təminat altına bilərik.
Təbii ki, sığortadan istifadə etməklə yəni həyatımızı sığortalamaqla.Necə ki, nəqliyyat vasitəmiz, evimiz, biznesimiz, təsərrüfatımız üçün narahat olub sığortaya müraciət ediriksə eyni qayda ilə həyatımız üçün də narahat olmalıyıq. Azərbaycanda həyat sığortasından istifadə çox geniş yayılmayıb.Düzdür 10 il əvvələ nisbətən indi sığortanın bu növünü tanıyıb istifadə edənlər var amma yetərincə deyil.
Bəs həyatımızı sığortalatdırmaq nə üçün lazımdır?
Sığortanın bu növündən istifadə etmək vacibdirmi? Suala cavab olaraq bildirim ki, həyat sığortasından istifadə bizim təxmin etdiyimizdən daha çox vacibdir.Çünki həyat sığortası insanı həyatında baş verəcək bütün risklərdən sığortalayır.Həyat sığortası bütün riskləri təminat altına alır.Həyat sığortasında 4 təminat növü var.Bunlardan biri ölüm halı kimi qeyd olunursa digərləri 1,2 və 3-cü qrup əlilliklə bağlıdır. Sığorta şirkətləri vətəndaşla bağladığı həyat sığorta müqaviləsinə əsasən şəxs dünyasını dəyişdikdə onun vərəsələrinə, əlillik dərəcəsi aldıqda isə özünə müqavilədə nəzərdə tutulan sığorta təminatlarını həyata keçirir, müvafiq ödənişləri edir.
Onu da deyək ki, həyat sığortası səbəbindən asılı olmayaraq bütün ölüm hallarına təminat verir.Hazırda Azərbaycanda həyat sığortasından ipoteka kreditlərinin verilməsi zamanı geniş istifadə olunur.İpoteka götürən şəxsin aldığı əmlak ilə yanaşı həyatı da sığortalanır.Şəxsin həyatı ona görə sığortalanır ki, vətəndaş kredit müddəti bitmədən dünyasını dəyişərsə yaxud sağlamlığına ziyan dəyib əmək qabiliyyətini itirərsə kredit məbləğini onun vərəsələri ödəmək məcburiyyətində qalmasın və ya borc səbəbindən evi əlindən alınmasın.Yəni kredit məbləğini sığorta şirkəti ödəsin.
Amma bu risklər tək ipoteka kreditlərinin götürülməsi zamanı yaranmır.İstehlak krediti götürən şəxslər də oxşar risklərlə üzləşə bilərlər.Lakin belə təhlükələrə baxmayaraq ölkədə istehlak krediti götürən şəxlərin 95 faizinin həyat sığortası yoxdur.Nəzərə alsaq ki,istehlak kreditlərinə tələb ildən-ilə artır.Hazırda bankların verdiyi istehlak kreditinin məbləği 7 milyard manatdan artıqdır. Bu məbləğ 3 milyondan çox vətəndaşın borclanması deməkdir. O zaman məsələnin ciddiliyini anlamaq elə də çətin deyil.Belə olan halda həyat sığortası həm kreditor həm də kredit götürən şəxs üçün böyük əhəmiyyət kəsb edir.Məhz bu məsələləri nəzərə alan Mərkəzi Bankın İdarə Heyəti bir müddət əvvəl həyat sığortası üçün yeni tənzimləyəcəyi qaydaları təsdiqlədi. Bu qaydalar fiziki şəxslərə təqdim edilən kredit müqaviləsi üzrə borcalanın ölüm və əmək qabiliyyətini itirilməsi halında kredit risklərinin idarəedilməsi formalarına əlavə və düzəlişlərdən ibarətdir.
Bundan sonra banklar istehlak krediti üçün müraciət edən şəxslərə risklərin təminat altına alınmasına hesablanan sığorta müqaviləsinin də bağlanmasını təklif ediləcək. Bank müştəriyə bu təklifi lisenziyası olan sığorta şirkətlərindən alaraq olduğu kimi təqdim edəcək.Beləliklə müştəri bütün sığortaçıların həyat sığortası ilə bağlı təkliflərini görəcək müqayisə aparacaq və istədiyi sığorta şirkətindən məhsulu alacaq.Burda əsas məqamlardan biri kreditin müddəti və məbləği ilə sığortanın da müddət və məbləği eyni olmalıdır.Bu onun üçün lazımdır ki, şəxs vəfat edən zaman kredit məbləği tam ödənilsin.Həyat sığortası müştəriyə əvvəlki qiymətlərdən daha ucuz təklif ediləcək və hissə-hissə ödəmə imkanı yaradılacaq.
Çünki sığortaçılar daha böyük məlumat bazasını təhlil edib, sığorta üzrə riskləri daha dərindən qiymətləndirə biliblər.Bütün bunlar kredit götürən şəxslərin həyat risklərinin müdafiəsinə, kreditləşmə və sığorta sahəsində istehlakçılar ilə banklar arasında mübahisələrin azaldılmasına imkan verəcək.Həmçinin problemli kredit anlayışının tədricən aradan qalxmasına, daha dayanıqlı maliyyə sisteminin formalaşmasına təkan verəcək.Odur ki, həyat sığortasından istifadə edərək həyatımızı sığorta altına alaq.
Qeyd edək ki, Azərbaycanda hazırda 5 həyat sığorta şirkəti fəaliyyət göstərir.Bunlardan 3 həyat sığorta şirkətinin fəaliyyət müddəti 15 ilə yaxındır. Digər iki həyat sığorta şirkəti isə son 5 ildə yaranıb.
Aytən Abdulova
Yazı, Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin təminat altına alınmasında həyat sığortalarının rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsinə təqdim edilir.


