2022-ci il 26 avqust tarixində Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Bəli, bu tarix, həm də Şanlı tariximizə Laçın şəhər günü kimi həkk edildi. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonu coğrafi baxımdan çox strateji mövqedə yerləşir. Hərçənd ki, müstəqilliyimizin bərpa edilməsindən sonra hakimiyyətə gələn AXC-Musavat rəhbərliyi digər məsələlər kimi torpaq, ərazi suverenlik məsələlərinin məsuliyyətini dərk etmədilər. Onların yarıtmaz, xəyanətkar siyasətləri nəticəsində iyirmi faizdən çox tarixi torpaqlarımız işğal altına düşdü. Laçın da bu mənfur hadisələrdən kənarda qala bilmədi. Belə ki, rayon 1992-ci il may ayının 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşmüşdür. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib.
54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır. İşğal 28 ildən bir qədər artıq davam etdi. Lakin xalqımızın tarixi torpaqlarına dönüşü daha möhtəşəm, daha sanballı oldu. 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Ölkə başçımızın diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi, Ordumuzun qəhrəmanlığı və şücaəti, ən nəhayət xalqımızın birliyi nəticəsində düşmən üzərində misli görünməmiş şanlı Zəfər qazanıldı. Faktiti düşmənin kapitulyasiya aktı olan və Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı.
Qeyd edək ki, buna qədər noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bəli, Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir.Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
Ella Hüseynova;
Neftçala rayonu, mədəniyyət işçisi


