Göygöl Peşə Məktəbi ilk dəfə olaraq keçirilən “Moruq Festivalı”nda əl işlərini nümayiş etdirib.
Tədbirdə çıxış edən Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının sədri Fuad Məmmədov moruq festivalının məhz Göygöl rayonunda keçirilməsinin təsadüfi olmadığını deyib. Göygöl rayonunda giləmeyvəçiliyin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdıran Fuad Məmmədov əlavə edib ki, bu sahəyə dövlət dəstəyinin genişləndirilməsi rayonun giləmeyvə üzrə ixtisaslaşmasına mühüm təsir göstərəcək, ilk dəfə keçirilən bu festival həm Göygöl rayonunun turizm və aqrar potensialının daha səmərəli istifadəsinə öz töhfəsinin verəcək.
Qeyd edək ki, Göygöl rayonunun Keşkü kəndində 3 ha ərazidə təşkil olunan festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılıb, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq sortlarının dequstasiyası və satışı təşkil edilib. Festivala gələn ziyarətçilər 100-ə yaxın fermer və sənətkarın istehsal etdiyi məhsullar və xalq tətbiqi sənətkarlıq nümunələri ilə tanış olub, bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı qazanıblar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramlar nümayiş olunub.
















