Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz ölkələri üzrə regional əlaqələndiricisi, DAAD Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reulla görüşüb.
Görüşdə rektor Vilayət Vəliyev AzTU-nun Almaniya universitetləri ilə uğurlu əməkdaşlığında DAAD-ın fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, AzTU-nun bu istiqamətdə əlaqələri davamlı və məqsədəuyğundur. Daha sonra 2022/2023-cü tədris ilində mübadilə proqramı çəçivəsində alman dili müəlliminin AzTU-da tədrisə cəlb olunacağı barədə müzakirələr aparılıb. Sözügedən əməkdaşlığın univesitetin profilinə uyğun istiqamətlər üzrə davamlı inkişafında AzTU-nun maraqlı olduğu qeyd olunub.
DAAD Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul AzTU-nun Almaniya universitetləri ilə uğurlu əməkdaşlığını yüksək qiymətləndirib.
Görüşdə AzTU-nun Almaniya universitetləri ilə birgə həyata keçirdiyi layihələr, perspektiv imkanlar və mübadilə xidmətləri müzakirə olunub. Həmçinin AzTU-nun Brandenburq Texniki Universiteti ilə ikili diplom proqramları və digər uğurlu layihələri haqqında fikir mübadiləsi aparılıb.


