Sentyabrın 24-26-da Bakıda keçirilməsi planlaşdırılan “Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026” beynəlxalq tədbirinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 30-dan çox xüsusi texnikası və 400-ə yaxın şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.
Bu barədə FHN-in Baş Əməliyyat İdarəsinin rəisi, polkovnik-leytenant Elvin Ağayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, keçirilən təlimlərin əsas məqsədi tədbir zamanı baş verə biləcək fövqəladə halların çevik şəkildə qarşısının alınmasıdır.
“Formula 1-in keçirilməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ixtisaslaşmış yanğınsöndürmə və xilasedici marşallar üçün təlimlər keçirilib. Təlimin nəzəri hissəsində yanğınsöndürmə, yanğın təhlükəsizliyi qaydaları, eləcə də xilasetmə işlərinin təşkilinə dair marşallara xüsusi təlimatlar verilib. Praktiki hissədə isə baş vermiş yanğınların söndürülməsi və şərti olaraq pilotun xilas edilməsi ilə bağlı imitasiyalar həyata keçirilib”, – deyə Elvin Ağayev bildirib.
O əlavə edib ki, təlimlərə ümumilikdə 186 marşal qoşulub. Onlardan 60 nəfəri Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır.


