2017-ci ildən fəaliyyət göstərən və ölkənin ilk müstəqil faktorinq şirkəti olan “Ferrum Kapital” QSC hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd faizli istiqraz buraxır. Emissiyanın ümumi məbləği 1 milyon manatdır.
Marja.az şirkətin 2026-cı il üzrə emissiya prospektinə istinadən xəbər verir ki, istiqrazlar adlı, sənədsiz və təmin edilməmiş formada buraxılır.
İstiqrazların illik faiz dərəcəsi 14%, tədavül müddəti isə 12 ay müəyyənləşdirilib.
Faizlər hər üç aydan bir ödəniləcək
Emissiya şərtlərinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri rüblük – hər üç aydan bir həyata keçiriləcək. İlk faiz ödənişi emissiya çərçivəsində ilk istiqrazın yerləşdirildiyi tarixdən üç ay sonra veriləcək. Faizlərin hesablanması zamanı bir il 360 gün, hər ay isə 30 gün qəbul ediləcək.
Bu şərtlərlə hər bir istiqraz sahibinə üç aydan bir 3 manat 50 qəpik, bir il ərzində isə ümumilikdə 14 manat faiz gəliri hesablanacaq.
Emissiya tam yerləşdirilərsə, “Ferrum Kapital”ın istiqraz sahiblərinə bir il ərzində ödəyəcəyi ümumi faiz məbləği 140 min manat təşkil edəcək. Müddətin sonunda şirkət 1 milyon manat əsas borcu və sonuncu rüb üzrə 35 min manat faiz ödənişini həyata keçirməli olacaq.
Ödəniş tarixi qeyri-iş gününə təsadüf edərsə, ödəniş növbəti ilk iş günündə aparılacaq. Bütün ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
İstiqrazlar təminatsız buraxılır
İstiqrazlar üzrə girov, zəmanət və ya digər təminat nəzərdə tutulmayıb. Bu səbəbdən ödənişlərin vaxtında həyata keçirilməsi birbaşa “Ferrum Kapital”ın maliyyə vəziyyətindən və öhdəliklərini icra etmək qabiliyyətindən asılı olacaq.
Emissiya prospektində şirkətin istiqrazları vaxtından əvvəl geri almaq hüququnun və ya öhdəliyinin nəzərdə tutulmadığı da bildirilir.
Beləliklə, illik 14%-lik faiz dərəcəsi investor üçün yüksək nominal gəlir imkanı yaratsa da, istiqrazların təminatsız olması və emitent tərəfindən geri alış mexanizminin müəyyən edilməməsi investisiya riskinin qiymətləndirilməsini vacib edir.
Anderrayter “PAŞA Kapital”dır
İstiqrazların anderraytinqi və yerləşdirilməsi prosesində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC iştirak edəcək. “PAŞA Kapital” emissiyada öhdəlik götürmədən anderrayter kimi çıxış edir. Bu o deməkdir ki, investisiya şirkəti yerləşdirilməmiş istiqrazları öz hesabına almaq öhdəliyi daşımır.
“PAŞA Kapital” potensial investorların sifarişlərini qəbul edəcək, sifarişlərin uzlaşdırılması nəticəsində bağlanan əqdlər barədə emitentə hesabat təqdim edəcək və yerləşdirmə prosesində vasitəçilik göstərəcək.
Şirkətin səhmdarları
Emissiya prospektinə əsasən, “Ferrum Kapital”ın səhmlərinin 68%-i Dəmirçi Qafar Aydın oğluna məxsusdur.
Şirkətin digər səhmdarları bunlardır:
Habib Zadeh Mohammad Reza – 23%;
“AQA Şirkətlər Qrupu” QSC – 4,5%;
“Vesta Investment” QSC – 4,5%.
Beləliklə, “Ferrum Kapital”ın səhmlərinin 91%-nə iki fiziki şəxs, qalan 9%-nə isə iki hüquqi şəxs sahibdir.
“Ferrum Kapital”ın istiqraz emissiyası üzrə illik 14%-lik kupon dərəcəsi manatla investisiya edən şəxslər üçün diqqətçəkən gəlir təklif edir. Rüblük ödəniş mexanizmi də investorun faiz gəlirini il ərzində mərhələli şəkildə əldə etməsinə imkan yaradır.
Bununla belə, istiqrazların təmin edilməməsi o deməkdir ki, investorların əsas borc və faiz ödənişləri üzrə ayrıca girov və ya üçüncü tərəf zəmanəti yoxdur. Buna görə investisiya qərarı zamanı yalnız faiz dərəcəsinin deyil, emitentin maliyyə göstəricilərinin, pul axınının və borc yükünün də qiymətləndirilməsi vacibdir.
Emissiyanın tam yerləşdirilməsi halında şirkət 1 milyon manat maliyyə cəlb edəcək və 12 ay ərzində bunun müqabilində 140 min manat faiz ödəyəcək. Bu isə “Ferrum Kapital” üçün cəlb olunan vəsait üzrə illik nominal maliyyələşmə xərcinin 14% olması deməkdir.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
Digər xəbərlər
2026 © BAKU NEWS. Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə BAKU.NEWS-a istinad etmək mütləqdir.


