Azərbaycan qadını dedikdə ilk növbədə ağlımıza öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutan ali varlıq gəlir. O varlıq ki, çoxəsrlik tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər.
Əminliklə demək olar ki, Azərbaycan qadını adını tariximizin səhifələrinə qızıl hərflərlə yazdırıb. O, gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, dövlət idarəçiliyində öz sözünü deyib, azadlıq yolunda canından keçib. Tariximizin ən şərəfli səhifəsini, Şanlı Zəfərimizi yazan igid, qəhrəman oğullarımızı dünyaya gətirən də, onlara sağlam həyat bəxş edən də, vətənpərvərlik hissi aşılayan da analarımızdır.
Tarix boyu milli-mənəvi zənginlikləri ilə Azərbaycanın ailə simasını təmsil etmiş qadınlarımızın cəmiyyətdəki rolu keçən əsrin əvvəllərindən etibarən getdikcə artmağa başlamış, ictimai həyatın müəyyən mövqelərində görünməyə, mariflənməyə başlamışlar. Təsadüfi deyil ki Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk dəfə olaraq qadınlara seçki hüququ verən ilk dövlət olmuşdur. Bu gün Qalib Azərbaycanda qadınların yeri və roluna nəzər saldıqda həm xalqımızın, həm də dövlətimizin ali dəyərlərinə verdiyi hörmətin əyani şahidi oluruq. Müasir Azərbaycan qadını bu gün, həm bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, həm də xalqın inanıb səs verdiyi deputatdır. Ümummilli Liderin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır”. Qeyd edək ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Ulu Öndərin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət qadın siyasəti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilir. Ölkə başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə xüsusi diqqətlə yanaşır. 2006-cı ildə Milli Məclis cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edib. Azərbaycan qadınının siması yarandığı ilk gündən xeyirxahlıq və ümid məbədinə çevrilən Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın simasıdır.
Məhz bu sima həyata keçirdiyi nəcib fəaliyyət, ölçüyəgəlməz işlər sayəsində bütün dünyada xeyirxahlıq, zəriflik, ağıl simvolu kimi tanınır, rəğbət və hörmətlə qarşılanır. Əminliklə demək olar ki, Azərbaycan qadını bu gün tarixinin ən şərəfli dövrünü yaşayır!.
Nəriman Xəlilov
Neftçala rayonu


