Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı səfirlər mövzusunu da müzakirə edib.
BAKU.NEWS “Qafqazinfo”-a istiandla bildirir ki, Anadolu Agentliyinin yaydığı məlumata görə, bu barədə Türkiyə Prezidenti Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman məlumat verib.
Ərdoğan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və bəzi dairələrin 10 ölkənin səfirliklərinin hazırda həbsdə olan iş adamı Osman Kavalanın azadlığa buraxılması ilə bağlı bəyanatına dair açıqlamalarını tənqid edib.
“Bunlardan biri də keçmişdə Bakıda səfir olaraq çalışıb, indi də CHP-də guya siyasətlə məşğuldur. İlham bəylə danışarkən o belə “Mən bu adamı bir daha bu qapıdan içəri buraxmaram” dedi. Çünki o, Azərbaycana da xəyanət etdi. Sən ilk olaraq səfir olduğun ölkənin siyasətinə hörmət etməyi öyrən. Bu adam bunu öyrənmədi. İndi də təsadüfi olaraq siyasətlə məşğuldur. Siyasətçilik və səfirlik başqa bir şeydir”, – deyə Ərdoğan qeyd edib.
Digər Türkiyə KİV orqanları həmin şəxsin 2001-2004-cü illərdə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini yerinə yetirən Ahmet Ünal Çeviköz olduğunu yazıb.
Qeyd edək ki, Ünal Çeviköz 10 ölkənin səfiri ilə bağlı böhrana dair verdiyi ilk açıqlamada belə deyib: “Ölkəmizdə fəaliyyət göstərən 10 səfirin “persona non grata” elan edilməsi türkiyənin beynəlxalq aləmdəki tənhalığını geri dönüşü olmayan bir səviyyəyə daşıyacaq. Xarici işlər nazirinin bu səhvi aradan qaldırmaq üçün lazım olanı edəcəyinə ümid edirəm. Əks təqdirdə istefa verməlidir”.
Bununla yanaşı, səfirlərin geri addım atmasından sonra belə bir açıqlama “10 səfirin persona non grata” elan edilməsi kimi bir səhvin qarşısının alınmasına yönələn səylərin nəticə verdiyi anlaşılır” demişdi.
Xatırladaq ki, ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya iş adamı Osman Kavalanın azad edilməsi ilə bağlı birgə bəyanat səsləndirmişdilər. İlk olaraq ABŞ səfirliyi, daha sonra isə digər ölkələrin diplomatik nümayəndəlikləri bu gün geri addım ataraq Türkiyənin daxili işlərinə qarışmadıqlarını bəyan ediblər.



