Anadangəlmə və qazanılmış ürək qüsurlarının fəsadları
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 14 nömrəli Şəhər Poliklinikasının həkim-kardioloqu Nüşabə Səfərovanın sözlərinə görə, ürək qüsurları anadangəlmə və sonradan qazanılmış olmaqla 2 cür olur:
“Hamiləliyin dördüncü həftəsində ürək kameralarının inkişafı başlayır və bu dövr ilk trimestrin (hamiləliyin üç ayı) sonuna kimi davam edir. Anadangəlmə ürək qüsurlarının yaranması məhz ana bətnində anada olan infeksiyalar, zərərli vərdişlər, genetik amillər, qohum evlilikləri kimi müxtəlif səbəblərdən baş verə bilər. Anadangəlmə ürək qüsurlarının əsas əlamətlərinə tez yorulma, təngnəfəslik, ürəkgetmə, göyərmə, inkişafdan geri qalma kimi simptomları misal göstərə bilərik. Qeyd edə bilərəm ki, ürək qüsurlarına daha çox qadınlar arasında rast gəlinir”.
Həkim-kardioloq bildirir ki, qazanılmış ürək qüsurları daha çox 4-5 yaşdan sonra revmatik xəstəliklər fonunda yarana bilir:
“Bu isə ürək qapaqlarında darlıq əmələ gətirir, həmçinin gələcəkdə qapaqların çatışmazlığı və eləcə də ürək çatışmazlığına, ürəyin genişlənməsinə də gətirib çıxara bilər. Əgər anadangəlmə ürək qüsurları cərrahi əməliyyatla aradan qaldırılmırsa, o zaman xəstə nəzarətə götürülür və xəstə ildə 1 dəfə olmaqla müayinələrdən keçirilir. Qazanılmış ürək qüsurları da anadangəlmə qüsurlar kimi müalicə edilmir, sadəcə olaraq qüsuru yaradan əsas səbəblər müalicə edilir. Cərrahi əməliyyata ehtiyac olursa, bu zaman ürək qapaqları bərpa edilir və ya dəyişdirilir”.
Ürək qüsurlarının cərrahi yolla aradan qaldırılmasına toxunan Nüşabə Səfərova deyir ki, cərrahi əməliyyat isə uşağın ayından, çəkisindən və qüsurun ağırlığından asılı olaraq təyin edilir. Həkim-kardioloq əlavə edir ki, cərrahi əməliyyata göstəriş mütləq kardioloq və cərrahın müşayiəti ilə təyin edilir:
“Çox ağır qüsurlar olduqda bir yaşına qədər, bir qədər yüngül formada inkişaf edən qüsurlar zamanı isə 4-5 yaşdan sonra da cərrahi əməliyyat təyin edilə bilir. Qazanılmış qüsurlar da anadangəlmə qüsurlar kimi bir yaşına qədər cərrahi əməliyyatla aradan qaldırıla bilər. Lakin burada bir fərq var ki, qazanılmış qüsurlar müayinə zamanı aşkarlandıqda da cərrahi əməliyyatla aradan qaldırıla bilər”.
N.Səfərova vurğulayır ki, anadangəlmə ürək qüsurlarının müayinə üsulları müxtəlifdir:
“Kardioloq müayinə zamanı uşaqda müxtəlif dərəcəli küylər eşitdikdə exokardioqrafiya müayinəsi təyin edir. Bu zaman da anadangəlmə ürək qüsurları aşkarlana bilir. Müalicə üsulları isə artıq aşkarlanan qüsurun növü və dərəcəsindən asılı olaraq təyin edilir. Qazanılmış ürək qüsurları isə anadangəlmə ürək qüsurlarından fərqli olaraq böyüklərdə də aşkarlana bilir. Bu isə elektrokardioqramma və exokardioqrafiya müayinəsi ilə müəyyən edilir”.
İstər uşaqlar, istərsə də böyüklər ürəklərində hansısa narahatlıq hiss etdikləri anda ilkin səhiyyə xidməti göstərən tibb müəssisəsində həkim-mütəxəssislərə müraciət etməlidir ki, yaranan problemlər vaxtında aşkarlanaraq qarşısı alınsın.


