Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərə müraciət edib.
Mərkəzdən BAKU.NEWS-a bildirilib ki, beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası müəyyən edir.
Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 5 nömrəli qərarına əsasən “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50% miqdarında müəyyən edilib.
Məlum olduğu kimi, Tarif (qiymət) Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədi ilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi nəzərə alınmayıb. Dövlət İmtahan Mərkəzi 2019-cu ilin mart ayından ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və həmin ilin 1 aprel tarixindən dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq edilməsinə başlanılıb.


