Bəzən həyatın ən böyük zənginliyi elə gözümüzün qarşısında axır. Öz bulağının suyunu içmək, öz yolunun işığında addımlamaq, yaxınındakı insanın haqqına və azadlığına ehtiram göstərmək insanın içində sakit, amma çox möhkəm bir dünya yaradır.
Bəlkə insan hüquqlarının və insan ləyaqətinin fəlsəfəsi də bu sadə duyğudan başlayır: hər bir insanın öz bulağı, öz yolu, öz üfüqü var.
Birinin üfüqünə hörmət etmək, onun yoluna işıq salmaq, bulağının suyunu bulandırmamaq — bəzən ən böyük insanlıq elə budur.
Çünki insan öz dünyasında rahat nəfəs ala bildiyi zaman başqasının dünyasına da ehtiramla baxmağı öyrənir.
Və onda ucalıq başqa cür görünür…
İnsan yüksəldikcə ətrafına daha yuxarıdan baxmır, daha geniş baxır.
Daha çox gördükcə daha çox hökm etməyə yox, daha çox anlamağa çalışır.
Daha çox sahib olduqca paylaşmağın, daha çox gücə çatdıqca mərhəmətin dəyərini anlayır.
Bəlkə də əsl ucalıq elə budur —
öz bulağının suyunu içə-içə başqasının bulağının da qurumamasını düşünmək.
Məmməd Arazın misraları mənə bunu deyir:
Hər kəs öz üfüqündə azaddır.
Hər kəs öz bulağından su içməyə layiqdir.
Və insanın ən gözəl ucalığı başqasının üfüqünə hörmət etdiyi yerdə başlayır.
Araz Əsgərli
Ombudsman Aparatının mətbuat katibi



