Cənubi Qafqazda otuz ildən artıq bir dövr ərzində davam edən mürəkkəb münaqişə erasının yekunlaşması və regional normallaşma prosesinin sürətlənməsi tarixi bir dönüş nöqtəsindədir. Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə Birgə Bəyannamənin imzalanması, eləcə də Ermənistan-Azərbaycan sülh sazişinin paraflanması uzun illər davam edən münaqişəyə de-fakto və de-yure son qoydu. Azərbaycan bu tarixi razılaşmanın dərhal ardından regionda davamlı barışığın, etimad mühitinin və iqtisadi inteqrasiyanın təmin olunması üçün heç bir vaxt itirmədən genişmiqyaslı praktiki addımlara başladı.
Bu praktiki addımların tərkib hissəsi olaraq, hazırda Azərbaycan tərəfindən təchiz edilən benzin və dizel yanacağının Ermənistana ixracı qonşu ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Xüsusilə qlobal bazarlarda neft məhsullarının nəqlinə dair müəyyən çətinliklərin mövcud olduğu bir şəraitdə bu addım Azərbaycanın sülhməramlı və qurucu mövqeyini nümayiş etdirir. Eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yükdaşımalarının bərpa edilməsi və ötürülən tranzit yükün həcminin artıq 40 min tonu keçməsi postmünaqişə dövründə regional kommunikasiyaların açılmasının bariz göstəricisidir. Ölkə başçısı cənab İlham Əliyev bu günlərdə Berlinə səfəri zamanı keçirdiyi görüşlərdə bir çox məqamlarla yanaşı bu məsələyə də xüsusi diqqət çəkdi. Möhtərəm Prezident mətbuata bəyanatında Almaniya hökumətinin Cənubi Qafqazdakı sülh və normallaşma prosesinə verdiyi siyasi və diplomatik dəstəyi yüksək qiymətləndirmişdir.
Dürdanə Ələkbərova
Neftçala rayonu


