Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin Buzovna Zeytun Bağları adlanan ərazisində son dövrlərdə quru ot örtüyünün yanması halları müşahidə edilir.
Baş verən yanğınlar nəticəsində ərazidə yerləşən çoxillik, iri və hündür ağaclara ciddi ziyan dəyir, onların bir qismi quruyur, digərləri isə məhv olmaq təhlükəsi ilə üzləşir.
Bu yanğınlar ağacların məhv olmasına səbəb olmaqla yanaşı, ekoloji təhlükəsizliyə də ciddi risk yaradır. Ərazidə mövcud olan meşə zolağı və çoxsaylı ağaclar ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Bu yaşıllıq sahələrinin məhv olması təkcə ayrı-ayrı ağacların itirilməsi deyil, həm də ətraf mühitə və biomüxtəlifliyə ciddi zərbə vurulması deməkdir.
Mövzu ilə bağlı Plat.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yay mövsümü ilə əlaqədar açıq ərazilərdə yanğın hadisələrinin sayı artır:
“Əhali arasında mütəmadi maarifləndirmə tədbirləri keçirilsə və yanğın təhlükəsizliyi ilə bağlı çağırışlar edilsə də, bu cür yanğınlar əsasən insan amilindən qaynaqlanır. Açıq sahələrdə baş verən yanğınların əsas səbəbləri odla ehtiyatsız davranılması, söndürülməmiş siqaret kötüklərinin ətrafa atılması, tullantıların yandırılması, iməcilik zamanı quru ot və məişət tullantılarının yandırılması, eləcə də texniki nasaz nəqliyyat vasitələrinin yaratdığı yanğın riskləridir”,- qurumdan əlavə edilib.
Nazirlik vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağıraraq bildirib ki, bu cür halların qarşısının alınması yaşıllıq sahələrinin və ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, məsələ ilə bağlı ərazidə yaşayan sakinlər tərəfindən müxtəlif dövlət qurumlarına müraciətlərin edildiyi bildirilir. Yanğınların hansı səbəbdən qaynaqlandığı isə, dəqiq bilinmir.



