Azərbaycan, Türkiyə və Pakistan müttəfiqliyi haqqında, təbii ki, geniş danışmaq mümkündür. Lakin mən bu kontekstdə bir neçə mühüm məsələyə xüsusi diqqət yetirmək istərdim. İlk növbədə vurğulamaq lazımdır ki, Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər son illərdə nəzərəçarpacaq dərəcədə möhkəmlənib və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrin ortaq tarixi, mədəni və dini kökləri, eləcə də geosiyasi maraqları onları daha sıx şəkildə birləşdirir.
Müttəfiqliyin müxtəlif aspektləri üzrə münasibətlərin getdikcə dərinləşdiyini müşahidə edirik. Ən əvvəl siyasi əlaqələr önə çıxır. Üç ölkə arasında ümumi dəyərlərə əsaslanan qarşılıqlı dəstək, İslam həmrəyliyi və türk identikliyinə söykənən qardaşlıq münasibətləri beynəlxalq platformalarda açıq şəkildə ifadə olunur. Hər üç dövlət bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və bunu beynəlxalq səviyyədə dəstəkləyir. Xüsusilə vurğulanmalıdır ki, Pakistan bu kontekstdə mühüm mövqeyə malikdir. Belə ki, Pakistan Ermənistanı tanımayan azsaylı dövlətlərdən biridir. Bu mövqe, heç şübhəsiz, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə qarşı prinsipiallıqdan qaynaqlanır. Pakistanın qətiyyətli mövqeyi Azərbaycanın bölgədəki strateji tərəfdaşı olaraq beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyət kəsb edir və təqdir olunur. Çoxşaxəli əməkdaşlıq zaman-zaman üç ölkənin rəsmiləri tərəfindən vurğulanır və xüsusilə son illərdə Azərbaycan-Türkiyə-Pakistan üçbucağı çərçivəsində keçirilən sammit formatlı tədbirlər daha intensiv və davamlı xarakter alır. Təhlükəsizlik, siyasət, iqtisadiyyat və digər sahələr üzrə əməkdaşlıq bu format daxilində getdikcə daha konkret və praktik nəticələr verir.
Üç ölkənin xarici işlər və müdafiə nazirləri arasında keçirilən görüşlər artıq mütəmadi xarakter alıb. Xüsusilə hərbi sahədə əməkdaşlıq diqqətəlayiqdir. 2021-ci ildə Azərbaycan, Türkiyə və Pakistanın iştirakı ilə “Üç Qardaş” adlı birgə hərbi təlimlərin keçirilməsi bu əməkdaşlığın simvolik və praktiki əhəmiyyətini göstərdi. Bununla yanaşı, Türkiyə və Pakistan Azərbaycanın hərbi sənayesinin inkişafında mühüm rol oynayır. Hərbi təyinatlı məhsulların hazırlanması, silah növlərinin modernləşdirilməsi və xüsusilə də Hərbi Hava Qüvvələri sahəsində birgə layihələr bu dəstəyin konkret nümunələridir. Son dövrlər Azərbaycan və Pakistan arasında hərbi aviasiya sahəsində əməkdaşlığı dərinləşdirəcək bir sıra mühüm sazişlər imzalanıb.
Eyni zamanda unutmamaq lazımdır ki, İkinci Qarabağ müharibəsi zamanı həm Türkiyə, həm də Pakistan siyasi müstəvidə Azərbaycana birmənalı dəstək göstərərək beynəlxalq hüquqa əsaslanan mövqedən çıxış etdiklərini bəyan etmiş və hər cür zəruri dəstəyə hazır olduqlarını nümayiş etdirmişlər.
İqtisadi sahədə də üçtərəfli əməkdaşlıq inkişaf edir. Ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və ortaq layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Xüsusilə də Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin ildən-ilə genişlənməsi müşahidə olunur. Eyni tendensiya Azərbaycan-Pakistan əlaqələrində də özünü göstərməkdədir. Xüsusən enerji sahəsində Azərbaycanla Pakistan arasında əməkdaşlıq daha çox nəzərə çarpır. Bununla yanaşı, regional miqyasda strateji əhəmiyyətə malik olan nəqliyyat və enerji layihələri bu əməkdaşlığın əsas vektoruna çevrilmişdir.
Azərbaycanın və Türkiyənin Şərq ilə Qərbi birləşdirən nəqliyyat dəhlizlərinin idarə olunmasında oynadığı rol və bu dəhlizlərin gələcəkdə Xəzər dənizi üzərindən Mərkəzi Asiya ölkələrinə doğru genişlənməsi Pakistan üçün yeni və perspektivli imkanlar açır. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəniz limanlarına çıxış imkanları Pakistanın geoiqtisadi maraqları baxımından ciddi əhəmiyyət kəsb edir.
Mədəni və humanitar sahələrdə də üçtərəfli əməkdaşlıq genişlənməkdədir. Ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, dil və mədəniyyət proqramları, eləcə də “yumşaq güc” kimi dəyərləndirilən humanitar layihələrin reallaşdırılması, üç qardaş xalqın beynəlxalq aləmdə birgə təqdimatına mühüm töhfə verir. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər böyük potensial və ciddi perspektivlər mövcuddur.
Ümumilikdə isə Azərbaycan, Türkiyə və Pakistanın yaratdığı siyasi, hərbi və iqtisadi üçbucaq regional və beynəlxalq platformalarda vahid mövqedən çıxış edən, bir-birini dəstəkləyən və ümumi maraqları qoruyan güclü bir müttəfiqlik nümunəsidir. Bu üçlük bir çox regional çağırışlara qarşı birgə cavab vermək qabiliyyətinə malikdir və bölgədə sabitlik, təhlükəsizlik və əməkdaşlıq baxımından mühüm rol oynayır. Bununla yanaşı, bölgədə elə aktorlar da mövcuddur ki, müxtəlif siyasi və diplomatik kanallar vasitəsilə bu üç ölkənin strateji əməkdaşlığına xələl gətirməyə çalışırlar. Bu cəhdlər bəzən dezinformasiya kampaniyaları, bəzən də qarşılıqlı münasibətlərə təsir göstərmək məqsədi daşıyan siyasi manevrlər formasında özünü büruzə verir. Amma bütün bu təzyiqlərə baxmayaraq, Azərbaycan, Türkiyə və Pakistan bu strateji platformanı gücləndirmək əzmindədir və bu günün geosiyasi reallıqları da belə bir tərəfdaşlığın zəruriliyini daha da artırır.
Əsas məqsəd bəzilərinin niyyətinə görə, Azərbaycan-Türkiyə-Pakistan üçbucağına zərbə vurmaq, bu əməkdaşlıq modelini zəiflətməkdir. Lakin bu cəhdlər praktikada əhəmiyyətsizdir, çünki üç ölkə arasında strateji tərəfdaşlığın təməli artıq hüquqi və siyasi sənədlərlə möhkəmləndirilib. Xüsusilə də 2021-ci il iyulun 27-də imzalanmış Bakı Bəyannaməsi bu baxımdan dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Sənəd Azərbaycan, Türkiyə və Pakistan arasında çoxşaxəli strateji əməkdaşlığın strukturlaşdırılmış çərçivəsini müəyyən etmişdir. Bəyannamədə siyasi, iqtisadi, ticari, elmi, texnoloji və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi konkret şəkildə vurğulanır. Hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində birgə fəaliyyətin inkişaf etdirilməsi, üç ölkənin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsi bu sənəddə əsas müddəalardan biri kimi ön plana çıxır. Bu isə üçlük arasında strateji etimadın və qarşılıqlı dəstəyin nə qədər dərin olduğunun göstəricisidir. Bəyannamənin daha bir önəmli cəhəti beynəlxalq hüquqa əsaslanan münaqişələrin sülh yolu ilə, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında həllinə çağırışla bağlıdır. Həmçinin sənəddə müsəlman icmalarına qarşı artan islamofobiya, dini ayrı-seçkilik və insan hüquqlarının pozulması halları qəti şəkildə pislənir. Bu istiqamətdə üç ölkənin beynəlxalq platformalarda birgə mövqedən çıxış etməsi və həmrəy davranış nümayiş etdirməsi, onların qlobal miqyasda ideoloji və mənəvi dəyərlər uğrunda mübarizədə ortaq xəttə sahib olduqlarını göstərir.
Eyni zamanda, terrorçuluq, ekstremizm, kibercinayətkarlıq və digər qeyri-ənənəvi təhlükələrə qarşı birgə mübarizə məsələsi də Bakı Bəyannaməsində əsas prioritetlər sırasındadır. Bu təhlükələrə qarşı aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyətin təşviq olunması sənədin təhlükəsizlik ölçüsünü daha da gücləndirir. Bakı Bəyannaməsi həm də humanitar yardım, təbii fəlakətlər və regional böhranlara qarşı çevik və ortaq reaksiya verilməsi istiqamətində üç ölkənin həmrəyliyini ifadə edən vacib hüquqi-siyasi sənəddir. Bu üçtərəfli əməkdaşlığın praktik və strateji səviyyədə də həyata keçirildiyini sübut edir.
Nəticə etibarilə, Bakı Bəyannaməsi real siyasi iradənin ifadəsinə çevrilmiş və Azərbaycan, Türkiyə və Pakistan arasında strateji müttəfiqliyin hüquqi əsaslarını formalaşdırmışdır. Bəyannamə üç qardaş ölkənin regional və qlobal çağırışlara qarşı vahid mövqedən çıxış etmək əzmini nümayiş etdirir və bu tərəfdaşlığın gələcəkdə daha da güclənməsinə zəmin yaradır. Sonrakı mərhələdə əldə olunan konkret nəticələr, xüsusilə də “Üç Qardaş” birgə hərbi təlimlərinin keçirilməsi Bakı Bəyannaməsində ifadə olunan prinsiplərin praktik müstəviyə daşındığını təsdiqləyir. Bu təlimlər hərbi əməkdaşlıq və qarşılıqlı etimadın dərinləşdirilməsinin bariz nümunəsi hesab oluna bilər. Ən önəmli cəhət isə odur ki, bu kimi tədbirlər ümumi strateji baxışın, ortaq dəyərlərin və məqsədlərin təzahürüdür. Bəyannamədə qeyd olunan və sonrakı əməkdaşlıqda əksini tapan əsas müddəalar – regional sabitliyin təmin olunması, təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi, müsəlman icmalarının hüquqlarının müdafiəsi və insan haqlarına hörmət kimi fundamental prinsiplər üç ölkənin ortaq geosiyasi vizionunu formalaşdırır. Bu istiqamətdə vahid mövqedən çıxış edilməsi və səylərin koordinasiyalı şəkildə yönləndirilməsi əməkdaşlığı Avrasiya səviyyəsində strateji əhəmiyyətə malik bir platformaya çevirir.
Əslində, Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan strateji tərəfdaşlıq artıq klassik diplomatik formatlardan uzaqlaşaraq, geosiyasi sabitliyə real töhfə verən institusional əməkdaşlıq modelinə çevrilməkdədir. Bu model özündə yalnız hərbi və təhlükəsizlik məsələlərini deyil, eyni zamanda humanitar, ideoloji və mənəvi dəyərləri də birləşdirir. Avrasiya qitəsində cərəyan edən geosiyasi proseslər fonunda bu üçtərəfli əməkdaşlıq, balanslaşdırıcı rol oynamaqla yanaşı, həm də sülh və inkişaf naminə alternativ strateji vektor kimi çıxış edir. Bu isə həmin tərəfdaşlığın yalnız region daxilində deyil, qlobal miqyasda da müsbət təsir potensialına malik olduğunu nümayiş etdirir.
Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı.


