Cənab Prezident İlham Əliyevin sədrliyi ilə iyul ayının 11-də cari ilin altı ayının sosial-iqtisadi və digər sahələrdə inkişafının yekunlarına həsr olunmuş müşavirədə ölkəmizin bütün sferalarda davamlı inkişafının təmin edilməsi, sosial-iqtisadi islahatların davam etdirilməsi, Ermənistanla münasibətlərin vəziyyəti, ekoloji probemlər, nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi perspektivləri və digər məsələlər haqqında səsləndirilmiş fikirlər maraqla qarşılanmışdır.
Qeyd edək ki, son dövrlərdə Azərbaycanda maliyyə intizamının gücləndirilməsi, xarici investisiyaların artırılması, idxal-ixrac əməliyyatlarının optimallaşdırılması sahəsində görülən işlərin nəticəsi olaraq büdcə artımı 33 milyarddan 36 milyard manata qədər çatdırılmışdır. İlin birinci yarısında qeyri-neft sənayemiz 6,5 faiz, qeyri-neft sektorumuz ümumiyyətlə üç faizdən çox artmışdır. Dövlət başçısı öz çıxışında qeyd etmişdir ki, bu il büdcəyə əlavə edilmiş üç milyard manat vəsaitin 1,8 milyard manatının Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə yönəldilməsi, sözsüz, iqtisadiyyatımızın gələcək inkişafına və işğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq insanların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. İşğaldan azad edilmiş bölgələrdə, xüsusən Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində görülmüş və görülməsi nəzərdə tutulan işlərin daha sürətlə davam etdirilməsi, İlk mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin inşasını nəzərdə tutan Böyük Qayıdış proqramının tam həcmdə tezliklə həyata keçirilməsinin sürətləndirilməsi üçün büdcə xərclərinin artırılması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Zabux və Sus kəndlərinin ilin sonuna qədər məskunlaşdırılması nəzərdə tutulmuşdur. Müşavirədə diqqətə çatdırılan əsas məsələlərdən biri də Azərbaycanın hərbi qüdrətinin gücləndirilməsi ilə bağlı olmuşdur. Belə ki, ordumuzun Türkiyə ordusu sisteminə keçirilməsi istiqamətində mühüm addımlar atılması, onun döyüş qabiliyyətinin, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, yeni dəqiq silah və hərbi texnikanın alınması, artımın 1,1 milyard manatının məhz hərbi sahəyə yönəldiləcəyi barədə məlumatlar verən Ölkə başçısı qeyd etmişdir: “Ancaq biz görürük ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar.
Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də. Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə – hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq”. Rusiya, Fransa və Amerikadakı erməni diasporunun maliyyə dəstəyindən asılı olan, onların siyasi təsirində çabalayan və 2020-ci ilədək “Qarabağ Ermənistandır, nöqtə.” deyən Ermənistanın siyasi rəhbərliyi Vətən Müharibəsindəki qələbəmizdən sonrakı müddət ərzində beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən Azərbaycanın haqlı mövqeyinin dəstəkləndiyini, özünün təkləndiyini görərək mövqeyində dəyişiklik etmiş, Ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bildirmişlər. Azərbaycan Prezidenti müşavirədəki çıxışında bu məsələyə xüsusi toxunaraq demişdir: “Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”.
Qeyd etmək lazımdır ki son dövrlərdə Azərbaycanın xarici siyasətdə nail olduğu uğurlar, ölkəmizin hərbi-siyasi gücünün artması Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda nüfuzunun artması, onun haqlı mövqeyinin dəstəklənməsi işğalçı Ermənistanın Azərbaycanın sülh təkliflərinə müsbət cavabı ilə nəticələnmişdir. Bu sahədə Ölkəmizin mənafeyinə uyğun işlər sürətlə davam etdirilir və inanırıq ki, qonşu dövlətlə sülh müqaviləsinin bağlanacağı gün yaxındadır. Bu həm də delimitasiya və demarkasiya probleminin həlli, Xankəndi və digər bölgələrimizdə suveren hüquqlarımızın bərpası, Zəngəzur dəhlizinin beynəlxalq əlverişli logistik sistem olaraq tam gücü il işə düşməsi, ölkəmizin gəlirlərinin artması və xalqımızın əmin-amanlığının, rifahının yüksəlməsinin əsas həlli yollarından biridir.
Ənvər Tağıyev;
Neftçala rayon ağsaqqalı, Şəhid atası


